Press "Enter" to skip to content

Azərbaycanda ilk: Ayurveda metodlu müalicə-istirahət mərkəzi – VİDEO

“Şabran” İstirahət Kompleksi

Son yeniləmə: 30 Dekabr 2022 00:08

BAYRAQDAR MEDİA – Dekabrın 29-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şabran rayonunda “Şabran” İstirahət Kompleksinin açılışında iştirak edib.

Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.

Dövlət başçısı, birinci xanım və ailə üzvləri kompleksdə yaradılan şəraitlə tanış olublar.

Prezidentin işlər müdiri Ramin Quluzadə dövlət başçısına və birinci xanıma kompleksdə görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Şabran rayonunun Pirəbədil kəndində yerləşən kompleks paytaxt Bakıdan 147 km məsafədədir. Kompleksin ərazisində 12,6 ha sahədə inşa olunan otel müxtəlif kateqoriyalı 119 nömrədən, birmərtəbəli 10, ikimərtəbəli 20 kottecdən ibarətdir.

Ramin Quluzadə Prezidenti və ailə üzvlərini məlumatlandırır
Ramin Quluzadə Prezidenti və ailə üzvlərini məlumatlandırır

Kompleks Azərbaycanda Hindistanın qədim təbabət sistemi – Ayurveda ilə müalicə metodlarını tətbiq edən ilk istirahət mərkəzidir. Burada peşəkar Pançakarma (toksinlərdən azadolma) mütəxəssisləri tərəfindən Hindistan ənənələri əsasında xüsusi orijinal terapiya metodları təklif edilir.

“Ayurveda Spa” mərkəzində gözəllik salonu, 6 prosedur otağı, fin saunası, buxar otağı, istirahət zonası və qapalı hovuz var. Burada, həmçinin fitnes və yoqa ilə məşğul olmaq üçün hər bir şərait yaradılıb. Mərkəzdə şəfalı Pançakarma prosedurları, Pranayama seansları, yoqa və həyat tərzi üzrə təlimlər təşkil olunacaq.

Eyni zamanda, kompleksdə “Rübai”, “Ahəng”, “Ocaq” restoranları, “Misra Lobby Lounge”, “Badə Lounge Bar”, “Aura Cafe”, müxtəlif əyləncə və oyun otaqları fəaliyyət göstərəcək.

Oteldə işgüzar görüşlər, konfranslar və xüsusi tədbirlər üçün 180 nəfərlik “Bayatı” və “Şiraz” konfrans zalları yaradılıb. Həm də yaradıcılıq mərkəzi kimi xidmət göstərəcək kompleksdə bəstəkarlar, yazıçılar və rəssamlar üçün kotteclər də nəzərdə tutulub.

Xəbərdə qeyd edilir ki, Şabran rayonu turizm marşrutları üzrə mühüm istiqamətlərdən biri olmaq potensialına malikdir. Odur ki, artan tələbata uyğun olaraq rayon ərazisində infrastrukturun formalaşdırılması əsas vəzifələrdən biridir. Prezident İlham Əliyevin istifadəyə verilən yeni istirahət kompleksi ilə tanış olması dövlətin bu məsələyə həssas münasibətini nümayiş etdirir.

Beləliklə, bu kompleksin istifadəyə verilməsi bölgələrdə turizm infrastrukturunun və xidmət səviyyəsinin yaxşılaşdırılması baxımından növbəti mühüm addımdır.

Mission News Theme by Compete Themes.