Press "Enter" to skip to content

Laçın yolundakı ekofəallara Qazaxıstandan daha bir dəstək

Əbülfəz Xamedov

Son yeniləmə: 28 Dekabr 2022 20:41

BAYRAQDAR MEDİA – Qazaxıstanda məskunlaşan Azərbaycanlılar Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq ekofəalların və media mənsublarının Laçın yolunda keçirdikləri etiraz aksiyasını dəstəklədiklərini bildiriblər.

Xəbəri BAYRAQDAR MEDİA-nın Orta Asiya üzrə media tərəfdaşı olan Golden Bridge News-un baş redaktoru Ramiz Məşədihəsənli verib.

Xəbərdə deyilir ki, Qazaxıstan Parlamenti Məclisinin deputatı, Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının rəhbəri Əbülfəz Xamedov bununla bağlı açıqlama yayıb.

“Biz, ata-babaları keçən əsrin əvvəllərində Azərbaycanın 11 rayonundan Stalin repressiyası nəticəsində Qazaxıstan çöllərinə sürgün edilən nəslin indiki davamçıları və taleyin hökmü ilə Qazaxıstanda məskunlaşan azərbaycanlılar bir an da olsun tarixi vətənimizlə əlaqələrimizi kəsmədik. Həmişə Azərbaycanın uğurlarına sevindik, kədərinə qəmləndik. Qazaxıstanla Azərbaycan arasında isti, mehriban, dostcasına körpü rolunu oynamaqda davam etdik. Azərbaycanın 44 günlük tarixi Zəfərinə hamı kimi biz də sevindik və Dünya Azərbaycanlılarının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu haqlı davada yanında olduğumuzu bir daha bildirdik. İndi də Rusiya sülhməramlı bölmələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərimizin heç nəyə əhəmiyyət vermədən qanunsuz istismarından narahatlığımızı, aksiya keçirən həmyerlilərimizin yanında olduğumuzu bildirir, özbaşınalığa son qoyulmasını tələb edir, dəstəyimizi ifadə edirik. Biz Qazaxıstan Azərbaycanlıları tələblər yerinə yetirilənə qədər yurddaşlarımızla həmrəy olacaq, dəstək tədbirlərimizi keçirməkdə davam edəcəyik”, – deyə açıqlamada bildirilir.

Mission News Theme by Compete Themes.