Press "Enter" to skip to content

İctimai TV və Radionun baş direktoru Yayım Şurasına hesabat verib

İclasdan görüntü

BAYRAQDAR MEDİA – İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının növbəti iclası keçirilib. Şuranın sədri, akademik Muxtar İmanov bildirib ki, gündəlikdə Şirkətin 2022-ci il üzrə fəaliyyətinə dair hesabatın müzakirəsi və 2023-cü il üçün ştat cədvəlinin təsdiqi barədə məsələ durur.

Xəbəri BAYRAQDAR MEDİA-ya dekabrın 28-də İTV-dən veriblər.

Gündəliyin təsdiqindən sonra Şirkətin baş direktoru Balakişi Qasımov hesabat dövründə görülmüş işlər barədə məlumat verib: “Qeyd edilib ki, ötən müddətdə İctimai Televiziya və Radionun verilişlərinin məzmun keyfiyyətinin artırılmasına, daha müasir texnoloji yeniliklərin tətbiqinə xüsusi diqqət yetirilib. Bir sıra verilişlərin virtual studiyadan yayımı təmin edilib. Yeni studiyalar dünyanın ən inkişaf etmiş telekanallarının yararlandığı son model texnologiyalar əsasında qurulub. İctimai teleradionun texniki imkanları, yerləşdiyi binanın təmir-tikinti işləri, yeni studiyaları haqqında da danışan baş direktor bildirib ki, Şirkətin köhnəlmiş binasının bir hissəsi müasir formada təmir olunaraq istifadəyə verilib. Burada yaradılan şərait əməkdaşlara öz vəzifələrini rahat və tələb olunan müasir səviyyədə icra etməyə imkan verir”.

B.Qasımov onu da deyib ki, “İctimai TV-nin efirində beynəlxalq əhəmiyyətli, lisenziyalı yeni layihələrin həyata keçirilməsinə nail olunub. Məqsəd müasir veriliş və filmlərin hazırlanaraq ictimaiyyətə təqdim edilməsi, intellektual proqramlarla bütövlükdə cəmiyyətin, onun ayrı-ayrı təbəqələrinin müxtəlif sahələrdəki ümumi maraqlarına xidmət etməkdir”.

“İclasda ayrı-ayrı verilişlər və həyata keçirilməsi planlaşdırılan layihələr haqqında geniş müzakirə aparılıb. Yayımlanmış veriliş, müzakirə proqramlarının və filmlərin ictimai əhəmiyyəti, aktuallığı və sosial şəbəkələrdə yüksək reytinq göstəricilərinə də toxunulub, baxış sayına görə aylıq hesabatlarda daim ilk yerlərin tutulması xüsusi qeyd edilib”, – deyə xəbərdə bildirilir.

Bundan başqa “bildirilib ki, Sony Pictures, BBC, Discovery və digər məşhur şirkətlərin istehsalı olan ən baxımlı bədii, sənədli filmləri, lisenziyalı xarici serialları peşəkar dublyajla yayımlayan İctimai TV tamaşaçılara özünün istehsalı olan seriallar da təqdim edir”.

Xəbərdə deyilir ki, “müzakirələr zamanı çıxış edən Şuranın sədri Muxtar İmanov, Şura üzvləri – Zemfira Qafarova, Azər Həsrət, Yusif Babanlı, Sevil Yusifova, Vüqar Zeynalov Şirkətdə həyata keçirilən layihələri, müasir beynəlxalq təcrübənin tətbiqini və planlaşdırılan işləri yüksək qiymətləndirib, öz fikir və təkliflərini səsləndiriblər. Toplantıda 2023-cü ilə nəzərdə tutulan və digər cari məsələlər haqqında fikir mübadiləsi də aparılıb”.

İclasda gələn il üçün ştat cədvəli və iş əmsalının yüksəldilməsi məqsədilə müvafiq qərar qəbul olunub.

Mission News Theme by Compete Themes.