Son yeniləmə: 28 Dekabr 2022 14:26
BAYRAQDAR MEDİA – Azərbaycanın Almaniyadakı səfirliyi Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə geniş tədbir təşkil edib. Tədbirdə Almaniyadakı Azərbaycan və qardaş türk diasporunun nümayəndələri iştirak edib.
Xəbəri BAYRADAR MEDİA-ya dekabrın 28-də səfirlikdən veriblər.
“Tədbirdə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev qonaqları salamlayıb və tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib. Bu günün tarixi önəmindən bəhs edən diplomat xalqımızın həmrəyliyinin və birliyinin daim vacib olduğunu, iki il öncə torpaqlarımızın işğaldan azad olunmasının Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında məhz bu milli birlik və vəhdətin nəticəsində mümkün olduğunu söyləyib. Ərazi bütövlüyümüzə təhdidlərin hələ bitmədiyini söyləyən N.Ağayev bütün dünyada yaşayan soydaşlarımızın müstəqil və azad Azərbaycan Respublikasının ətrafında sıx birləşməsinin zəruriliyini qeyd edib”, – deyə xəbərdə bildirilir.
O da qeyd edilir ki, tədbir çərçivəsində “tarda Əməkdar artist Sahib Paşazadə və digər musiqiçilərin müşayiəti ilə tanınmış müğənnilər İlkin Əhmədov, Güllü Muradova və Kamilə Nəbiyevanın ifasında Azərbaycan musiqisi səsləndirilib. Tədbir çərçivəsində “Ritm” rəqs qrupunun üzvləri Səid və Əzizə İbrahimlilər tərəfindən “Uzundərə”, “Naz eləmə” və “Yallı” rəqsləri ifa olunub və qonaqlar rəqsə dəvət edilib. Tədbirdə həmçinin qiraət ustası Naibə Tural Azərbaycan şairləri Xəlil Rza Ulutürk, Məmməd Araz və Səməd Vurğunun Vətənlə bağlı şeirlərindən parçalar səsləndirib”.