Press "Enter" to skip to content

Azərbaycanın quru sərhədlərinin açılması tezləşdirilə bilər

Millət vəkili Vüqar Bayramov

BAYRAQDAR MEDİA – Çinin ölkəyə gələnlər ilə bağlı karantin qaydalarının yanvarın 8-dən etibarən ləğvi qərarından sonra digər dövlətlərdə də quru sərhədlərin açılması məsələsi gündəmə gəlib. 2023-cü ildə dünyada yoluxma sayının azalması gözlənildiyindən bu, qlobal ticarətə də təsirsiz ötüşməyəcək.

Bu sözlər iqtisadçı deputat Vüqar Bayramova aiddir. Deputat sosial mediada paylaşım edərək daha sonra bildirir: “Azərbaycanda quru sərhədlərin açılması eyni zamanda qonşu ölkələrdəki epidemioloji vəziyyətdən asılı olacaq. Çünki qonşu ölkələrdə yoluxma sayı quru sərhədlərin açılmasına təsir edən əsas faktordur. Nəzərə alaq ki, yoluxma sayında azalmalar müşahidə olunsa da son günlər xüsusən qonşu Rusiyada koronavirusa yoluxanların sayında artımlar var. Bu kontekstdən quru sərhədlərin açılması ilə bağlı qərar birbaşa, xüsusən də quru sərhədi olduğumuz ölkələrdə yoluxma sayından asılıdır”.

V.Bayramov qeyd edir ki, “quru sərhədlərin açıq olması iqtisadi baxımdan məqsədə uyğundur. Çünki bu, turizmə təsir göstərən əsas faktorlardan biridir. Xüsusən nəzərə alsaq ki, ölkəyə gələn turistlərin təxminən 70 faizi Azərbaycanla quru sərhədi olan ölkələrdən gəlir. Bu, eyni zamanda, Azərbaycan vətəndaşları üçün qonşu ölkələrə daha asan səfər imkanları baxımından da vacibdir. Ona görə quru sərhədlərin açılması iqtisadi baxımdan da əhəmiyyətlidir. Amma iqtisadi məsələ olmaqla yanaşı təbii ki, qonşu ölkələrdə olan yoluxma sayı və epidemioloji vəziyyətin dəyişməsi bu məsələdə qərarın verilməsində əsas faktor olaraq qalmaqdadır. 2023-cü ildə regionda və qlobal olaraq epidemioloji vəziyyətin yumşalması Azərbaycanda da quru sərhədlərin açılmasını xeyli tezləşdirə bilər”.

Mission News Theme by Compete Themes.