Hazırda 300-ə yaxın uşaq DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarıdır
BAYRAQDAR MEDİA – “İndiyədək həssas təbəqədən olan 500-ə yaxın vətəndaş DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə müraciət edib. Hazırda 292 uşaq mərkəzin benefisiarıdır”.
BAYRAQDAR MEDİA-nın məlumatına görə, bunu DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində ilin yekunlarına dair mətbuat konfransında qurumun direktoru Pərvinə İsmayılova deyib.
Mətbuat konfransında məlumat verilib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan bu unikal məkanda hazırda 292 benefisiar 14 xidmət istiqaməti üzrə təlimlərə cəlb olunub: “Benefisiarların qəbulu 6 yaşdan 44 yaşadək kateqoriyada aparılır. Psixo-sosial vəziyyətinə uyğun olaraq, çox hallarda bir benefisiarın müxtəlif yaradıcılıq sahələri üzrə digər təlimlərdə iştirakı da təmin edilir”.
P.İsmayılova Mərkəzdə tətbiq edilən, Ümumdünya Səhiyyə Təşkilatının da təsdiqlədiyi CARe metodologiyası (Comprehensive Approach ro Rehabilitation), həmçinin multidissiplinar qrupun fəaliyyəti barədə də danışıb. Bildirilib ki, bu metodologiyaya uyğun olaraq, Mərkəzə qəbul olunan hər bir şəxs üçün fərdi inkişaf planı tərtib edilir: “Mərkəzdə təlim alanların böyük qismini əlilliyi olan şəxslər, aztəminatlı ailələrin üzvləri, valideyn himayəsindən məhrum və valideynini itirmiş uşaqlar, şəhid ailəsi üzvləri təşkil edir. Onlardan 78 faizindən çoxunun sosial adaptasiyasında inkişaf, 90 faizindən çoxunda rahat ünsiyyətə girmə bacarığı, 77 faizdən çoxunda isə diqqət və konsentrasiyasında irəliləyiş formalaşıb”.
Qeyd edilib ki, həssas təbəqədən olan şəxslərin cəmiyyətə adaptasiyasını, sosial inteqrasiyasını gücləndirmək məqsədilə il ərzində Mərkəzdə 30-dək layihə gerçəkləşdirilib və tədbirlər növbəti ildə də davam etdiriləcək.
Sonra Mərkəz rəhbəri media nümayəndələrinin suallarını cavablandırıb.