Son yeniləmə: 28 Dekabr 2022 11:12
Dr. İçim Çağıner Kavuklu: Qadınların həm sahibkarlıq fəaliyyətində, həm də siyasətdə fəal olması vacibdir
BAYRAQDAR MEDİA – “Bu seçkilər Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) siyasi həyatında bir sıra məqamlarla yadda qaldı. Həmin məqamlardan biri də qadınlarla bağlıdır. 32 ildən sonra ilk dəfə qadın namizəd bələdiyyə sədri seçildi. Biz bu nəticəyə görə çox sevincliyik. Büyükkonuk-Mehmetçik Bələdiyyəsinin sədri seçilən Fatma Çimen Tuğlunu təbrik edirik”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında KKTC-də faəliyyət göstərən Kıbrıs Türk Girişimçi Qadınlar Dərnəyinin (GİKAD) başqanı Dr. İçim Çağıner Kavuklu deyib.
Seçilən 240 muxtardan 16-sı qadındır
Məlumat üçün bildirək ki, dekabrın 25-də KKTC-də keçirilən yerli seçkilərdə seçicilər 18 bələdiyyə başçısı, 220 bələdiyyə məclisi üzvü, 240 muxtar və 960 ağsaqqalı seçiblər. Yüksək Seçim Qurulunun açıqladığı nəticələrə əsasən, Fatma Çimen Tuğlu Büyükkonuk-Mehmetçik Bələdiyyəsinin sədri seçilib. Onu da qeyd edək ki, seçilən 240 muxtardan 16-sı da qadındır.
Bunu uğurlu sayan Dr. İçim Çağıner Kavuklu eyni zamanda gələcəkdə daha böyük nəticələrin əldə edilməsi üçün çalışmaq lazım olduğunu qeyd edib: “Dərnəyimizin yaydığı açıqlamada da bildirildiyi kimi əhalinin yarısını təşkil edən qadınların qərar vermə mexanizmlərində bərabər şəkildə iştirak edə bilməməsi ilə onların yaşadığı problemlər və bu problemlərin davamlılığı arasında güclü əlaqə var. Cəmiyyətin əlli faizini təşkil edən qadınların sosial həyatda mövqeyini dərk etmək və yaxşılaşdırmaq üçün qadınların proseslərdə bərabər şəkildə təmsil olunması, həmçinin qərar qəbuletmə proseslərində iştirakı təkcə demokratiya üçün zərurət deyil, həm də sosial inkişafın zəruriliyidir. Hesab edirik ki, fəal siyasətdə və qərar qəbuletmə mexanizmlərində “bərabər təmsilçilik” və “bərabər iştirak”ın təmin edilməsi daha çox qadının idarələetmədə iştirak etməsi və söz haqqına sahib olması ilə mümkündür”.
İlk növbədə kəndlərdəki qadınlara dəstək veriləcək
Müsahibimiz onu da qeyd edib ki, rəhbərlik etdiyi dərnək qadınların həm sahibkarlıq fəaliyyətində, həm də siyasətdə fəal olması üçün addımlar atır: “Hələ də KKTC-nın kəndlərində fürsət bərabərliyi təmin olunmayıb. Təəssüflər olsun ki, bu gün KKTC-nin bəzi kəndlərində azadlığı olmadığı üçün oxuya bilməyən qızlarımız var. Təbii ki, biz GİKAD olaraq bununla barışa bilmərik. Hesab edirik ki, dünyada gedən inkişaf KKTC xanımının da həyatında öz əksini tapmalıdır. Bunun üçün isə hər birimiz fəal olmalı, hər kəs əlini daşın altına qoymalıdır. Məhz bundan yola çıxaraq biz öncəliklə kənd yerlərində qız və qadınların inkişafı üçün müəyyən addımlar atmışıq. Bu məqsədlə xüsusilə kənd qadınlarını əhatə edən bir kooperativ qurduq – Girişimçi Qadınlar Qalxınma Kooperativi. Kəndlərdə olan qadınların məhsul istehsal etmək, bizim də o məhsulu bazara çıxarmaq gücümüz var. Bu gücü həmin kooperativdə birləşdirdik. Hazırda bu kooperativin 150-yə yaxın qadın üzvü var”.
Qadınlar üçün “Siyasət və liderlik məktəbi” də qurmaq istəyirik
Dr. İçim Çağıner Kavuklu, “Bundan başqa biz siyasətdə də daha çox qadın görmək istəyirik. Türkiyə Cümhuriyyətində qadına seçmək və seçilmək hüququ verilməsinin ildönümü – 5 dekabr tarixində biz Doğu Akdeniz Universiteti Qadın Araşdırmaları və Təhsil Mərkəzi ilə birlikdə “Qadınlar və siyasət” seminarı təşkil etdik. Seminar çərçivəsində KKTC-də qadınların siyasətdə təmsil olunması və iştirakı ilə bağlı müxtəlif mövzuları müzakirə etdik. Görülən məhsuldar işlərdən əldə edilən nəticələr ən qısa zamanda hesabat şəklində ictimaiyyətlə paylaşılacaq. Onu da deyim ki, biz qadınlar üçün “Siyasət və liderlik məktəbi” də qurmaq istəyirik. Bununla da siyasət üçün hərtərəfli qadınlar yetişdirəcəyik. Ən böyük arzumuz odur ki, gələcəkdə həm ümumi, həm də yerli seçkilərdə daha çox qadın namizəd ola bilsin, seçkilərdə qalib gəlsin və beləliklə, təmsilçilikdə bərabərlik təmin edilsin” deyib.