Son yeniləmə: 27 Dekabr 2022 09:55
Dr. Məmmədrıza Heyət: Biz də Güney Azərbaycanın siyasi fəalları olaraq aksiyanı dəstəkləyirik
BAYRAQDAR MEDİA – “Artıq 16-cı gündür ki, Azərbaycanın bir qrup eko-fəalı, vətəndaş cəmiyyəti və media təmsilçisi Ermənistandan Xankəndinə gələn Laçın yolunda etiraz aksiyası keçirir. Qeyd etmək istəyirəm ki, Azərbaycan fəallarının, xalqımızın bu məsələdə ciddi rol alması, öz torpaqlarını və öz milli sərvətlərini qorumağa çalışması, Azərbaycanda dövlət və xalq arasındakı bütövlüyün, birliyin ən gözəl nümunəsidir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Keçici Milli Məclisinin üzvü, Təbriz Araşdırmaları Mərkəzinin rəhbəri Dr. Məmmədrıza Heyət deyib.
O, qeyd edib ki, dövlət və xalqın eyni mövqedən çıxış etdiyi ölkələr hər zaman güclü olur: “İkincisi, biz bilirik ki, 30 ildən bəri bu bölgədə Azərbaycanın milli sərvətləri talanmaqdadır və bu qarətçilikdə ermənilər qədər Rusiya və İranın da böyük payı var. Dolayısı ilə fəalların keçirdikləri etiraz aksiyası bir növ Qarabağ savaşının başqa bir müstəvidə davamıdır və bu da zəfərlə nəticələnəcək”.
Dr. Məmmədrıza Heyət Güney Azərbaycanlıların bu aksiyada Quzeydəki bacı-qardaşlarını dəstəklədiklərini bildirib: “Biz də Güney Azərbaycanın siyasi fəalları olaraq aksiyanı dəstəkləyirik. Biz də Quzey Azərbaycanlı bacı-qardaşlarımızın və dövlətimizin daima yanındayıq”.