Press "Enter" to skip to content

Bir müəllimdən bir şəhid qızına örnək münasibət

Ləmanın ad günündən yadda qalan xatirə şəkli

Son yeniləmə: 27 Dekabr 2022 12:34

BAYRAQDAR MEDİA – Bugünlərdə sosial mediada qarşımıza bir paylaşım çıxmışdı. Bakının Binəqədi rayonundakı R.Əliyev adına 3 nömrəli tam orta məktəbin dil-ədəbiyyat müəllimi Səbinə İmanova 10-cu sinif şagirdi olan şəhid qızına sürpriz hazırladıqlarını yazmışdı. Əlbəttə, sürprizdən daha çox bir şəhid qızına Səbinə müəllimin belə həssas yanaşması diqqətimizi çəkdiyindən baş verəcəkləri izlədik. Nəticədə bəlli oldu ki, Ləman Məmmədova adlı şagirdə doğum günü hədiyyəsi təqdim edilib. Özü də fərqli və orijinal bir hədiyyə.

Baş verənlər bizim də diqqətimizi çəkdiyi üçün BAYRAQDAR MEDİA olaraq Səbinə müəllimdən fikirlərini bizimlə paylaşmasını xahiş etdik. Sağ olsun, o da məhz elə dil-ədəbiyyat müəllimi olaraq duyğusal bir tərzdə fikirlərini paylaşdı.

Onu da əlavə edək ki, Səbinə xanım əziz şəhidimizin bizə əmanət etdiyi qızını təmənnasız olaraq ali məktəbə hazırlayır. Deyir ki, nə qədər mən varam, şəhidimizin övladının üzərindən diqqətimi əskik edən deyiləm. Nə deyək? Sadəcə halal olsun.

Olanları Səbinə İmanovanın öz qələmindən oxuyaq

Şəhidlərin davamçıları varsa, arzuları həyata keçirsə, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, yaşayır.

Vətən, torpaq, böyük amallar uğrunda canından keçənlərin, hünər, şərəf, ləyaqət zirvəsini fəth edənlərin adlarını tarix yaşadacaq, biz də bütün qüvvələrimizi səfərbər edib onların əmanətlərini yaşatmalı, göz bəbəyi kimi qorumalıyıq. Bu, hər birimizin vətəndaşlıq borcudur.

Biz də bir vətəndaş, bir müəllim kimi öz borcumuzu yerinə yetirməyə çalışdıq. 44 günlük Vətən müharibəsində misilsiz igidliklər göstərərək şəhid olan qəhrəman polkovnik-leytenant Soltan Məmmədovun qızı Ləman Məmmədovanın doğum gününə kiçik sürpriz hazırladıq.

Qızımızın doğum günündə onun qədər xoşbəxt olduq. Bizi ən çox xoşbəxt edən birliyimiz oldu. O birlik ki qısa zaman ərzində bizə qələbə sevincini yaşatmışdı. Bu gün həmin birlik Ləman üçün idi. Bircə təkliflə hər kəsi ətrafımızda gördük. Nəinki Ləmanın dostları, hətta valideynlər belə həmrəy oldular. Ən dəyərli hədiyyə belə valideyndən gəldi. Gözünün nurunu xərcləyib üç günə şəhidimizin portretini çəkən valideyn Kamran Mirzağayev Ləman üçün dünyanın ən gözəl, ən dəyərli hədiyyəsini vermiş oldu həmin gün.

Səbinə İmanova və Ləman Məmmədova
Səbinə İmanova və Ləman Məmmədova

“Otağımın ən gözəl guşəsində, gözümün önündə olacaq bu hədiyyə” deyən qızımızın sevincdən gözləri parlayırdı. Məncə, bir müəllim üçün bundan böyük xoşbəxtlik ola bilməz. Xoşbəxt olsam da, sevinsəm də, xatirə şəkili çəkdirərkən “elə edin, atam daha yaxşı düşsün” deyən qızımızın kədərli, lakin qürurlu baxışını heç vaxt unutmayacağam. Sanki atası bizimlə birgə onun doğum gününü qeyd edirdi. Gülüşü şəkildə donan, ruhu cənnətə qonan şəhidim həmin gün qonağımız oldu, əminəm. Qızını təbrik etmək üçün sıralarımızda dayanan ata da bizim qədər xoşbəxt oldu, bilirəm.

Ruhun şad olsun, əziz qardaş. Rahat uyu. Qızına verdiyim sözü tutacağam. Onun parlaq gələcəyi üçün bir müəllim kimi əlimdən nə gəlirsə, edəcəyəm.

Mission News Theme by Compete Themes.