Press "Enter" to skip to content

Basmaçılara və qırğız ziyalılarına bəraət

Orta Asiyada Stalin repressiyası qurbanlarına bəraət verilməsi prosesi davam edir

BAYRAQDAR MEDİA – Ötən əsrin məlum Stalin repressiyalarından Orta Asiya xalqları da əzab çəkib. Həmin qanlı illərdə xeyli sayda ziyalı “xalq düşməni” adı altında güllələnib, yaxud sürgün edilib.

O dəhşətli illərdən qardaş Özbəkistana və Qırğızıstana da pay düşüb. Artıq sözügedən illərdə repressiyaya məruz qalanlara bəraət verilməsinə dair qərarlar qəbul edilir.

Bir neçə gün öncə Özbəkistanda vaxtı ilə Basmaçı hərəkatının üzvü olan və sovet təqibinə məruz qalan 173 Türküstanlı ziyalıya bəraət verilməsi barədə xəbər yayılmışdı.

Basmaçı hərəkatının üzvüləri
Basmaçı hərəkatının üzvləri

Bu haqda Kırım Haber Ajansının yaydığı həmin xəbərdə deyilirdi ki, SSRİ dövründə Türküstanın müstəqilliyi uğrunda mübarizə aparan Qorbaşı (Basmaçı) Hərəkatının 173 üzvünə Özbəkistan Ali Məhkəməsi bəraət qazandırıb. Qeyd edilirdi ki, Türküstanın müstəqilliyi uğrunda mübarizə aparan mücahid ziyalılar həmin qanlı illərdə Sovet İttifaqı tərəfindən silahlı üsyana cəhddə və rejimə qarşı xarici dövlətlərlə əməkdaşlıqda ittiham olunublar: “Özbəkistan Ali Məhkəməsi onlara qarşı olan xəyanət ittihamının ləğv edilməsinə və sözügedən şəxslərin bəraət almasına qərar verib”.

O da vurğulanırdı ki, 2021-ci ilin avqustunda Özbəkistanda sovet dövründə mühakimə olunan mücahidlərin bəraət alması ilə bağlı araşdırmalar aparmaq üçün komissiya yaradılıb. Komissiyanın araşdırmasından sonra Özbəkistan Ali Məhkəməsi Türküstanın müstəqilliyi uğrunda sovet rejimi tərəfindən mühakimə olunan ümumilikdə 335 Türküstanlı mücahidə ötən il bəraət verib.

Xəbərdə qeyd edilirdi ki, Sovet İttifaqında 1937-1953-cü illərdə təkcə Özbəkistanda 100 minə yaxın insan rejim əleyhinə müxtəlif cəzalara məhkum edilmiş, 13 min nəfər güllələnmişdir.

Bu günlərdə isə eyni məzmunlu qərar qardaş Qırğızıstanda qəbul edilib.

Kırım Haber Ajansı xəbər verir ki, Qırğızıstanda sovet repressiyası qurbanlarının bəraət alması haqqında qanun layihəsi ictimaiyyətə təqdim edilib. Həmin qərar layihəsinə əsasən Türküstanın istiqlaliyyəti uğrunda mübarizə aparan, sovetlər tərəfindən qətlə yetirilən ziyalılar bəraət alacaqlar.

Qırğızıstanda represiya qurbanlarının xatirəsinə ucaldılmış abidə
Qırğızıstanda repressiya qurbanlarının xatirəsinə ucaldılmış abidə

Qırğızıstan parlamentində müzakirə edilən qanun layihəsinə əsasən 1918-1953-cü illərdə Türküstanın müstəqilliyi uğrunda mübarizə aparmış qırğız ziyalıları, siyasi və dini inanclıları, sosial, milli və digər xüsusiyyətlərinə görə təqiblərə məruz qalanların hamısına bəraət veriləcək.

Qırğızıstan parlamenti siyasi repressiya qurbanlarının reabilitasiyası üçün Elmlər Akademiyasının Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun tərkibində fəaliyyət göstərmək üçün komissiya yaradacaq. Komissiyanın tərkibində qeyri-hökumət təşkilatlarından 5 nümayəndə, Qırğızıstanın sovet dövründə tarixi üzrə ixtisaslaşmış üç alim, Ombudsman İnstitutunun, hüquq-mühafizə orqanlarının və Dövlət Arxivinin əməkdaşı iştirak edəcək.

Qırğızıstandan gələn müxtəlif məlumatlara görə, 1937-38-ci illərdə intensivləşən repressiya zamanı 20 mindən 40 minə qədər insan edam edilib.

Mission News Theme by Compete Themes.