BAYRAQDAR MEDİA – Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın BMT Təhlükəsizlik Şurasında və ümumiyyətlə BMT-də təmsilçiliyinin qanunsuz olması ilə bağlı açıqlama ilə çıxış edib.
Nazirliyin dekabrın 26-da yaydığı açıqlamada Rusiyanın bu ölkəyə qarşı törətdiyi müharibə cinayətləri geniş şəkildə sadalanır. Eyni zamanda bildirilir ki, Rusiyanın cinayətləri Ukrayna sərhədlərindən kənarda da baş verir. Bu isə beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir.
Açıqlamada Rusiyanın sələfi olan SSRİ-nin bir zamanlar Yaponiyanın Quzey adalarını işğal etməsi, eyni zamanda Abxaziya və Güney Osetiya, Dnestryanı və Qarabağda sabitliyin pozulmasına səbəb verdiyi xatırladılır. Daha sonra qeyd edilir ki, Rusiya Baltik və Qara dəniz hövzəsi ölkələrində rusdilli əhalinin ayrıseçkiliyə məruz qalması bəhanəsi ilə manipulyasiya edir.
Açıqlamada Çeçenistana qarşı törədilən əməllər-soyqırım, Suriyada Bəşər Əsədin kriminal rejiminə verilən dəstək də ayrıca vurğulanır.
Bundan başqa xatırladılır ki, Rusiya on illərdir ki, Afrikada belə münaqişələrə rəvac verir. Rusiyanın əməlləri Burkina Faso, Liviya, Mali və Mərkəzi Afrika Respublikasında sabitliyi pozmağa xidmət edir.
Ukrayna XİN-in açıqlamasında deyilir ki, Rusiya bütün bu əməllərini həyata keçirərkən BMT TŞ-da münaqişələrin həllinə yönəlik qərarların çıxarılmasını da sistemli şəkildə əngəlləyir.
“1991-ci ildən bu günə kimi Rusiya BMT TŞ-da 31 dəfə veto hüququndan istifadə edərək digər daimi üzvlərdən iki dəfə artıq bu əmələ əl atmışdır”, – deyə açıqlamada bildirilir.
Ukrayna deyilənləri nəzərə alaraq bütün üzv ölkələrə Rusiyanın BMT-də üzvlüyünün qanuniliyi ilə bağlı məsələyə diqqət yetirməyə çağırır. Ukrayna dövləti hesab edir ki, Rusiya BMT TŞ-dan çıxarılmalı və ümumiyyətlə BMT-dən uzaqlaşdırılmalıdır.