Press "Enter" to skip to content

İranın bəslədiyi cinayət şübhəlisi Azərbaycana təhvil verilib

Taleh Yusifov belə gətirildi

BAYRAQDAR MEDİA – “Dövlət Təhlükəsizliyi Xidmətində İran xüsusi xidmət orqanlarının nəzarəti altında Azərbaycan Respublikası vətəndaşlarının seçilərək qanunsuz silahlı birləşmə yaradılması, onlara ölkə hüdudlarından kənarda radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə xüsusi hərbi təlimlərin keçirilməsi, şəxsiyyətləri gizlədilərək başqa adlarla müxtəlif dövlətlərin ərazilərində terror-təxribat əməllərinin törədilməsinə cəlb olunmaları faktlarına görə başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri aparılır”.

Bu haqda DTX-nın dekabrın 26-da yayılmış xəbərində deyilir.

Daha sonra qeyd edilir ki, “ibtidai istintaq zamanı, 1967-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Yusifov Taleh Rəşid oğlunun şəxsi nüfuz və əlaqə imkanlarından istifadə edərək vətəndaşlarımızın İran İslam Respublikasının ərazisində yaradılan “Hüseyniyun” adlı qanunsuz silahlı birləşməyə cəlb edilməsini üçüncü ölkə ərazisindən təşkilini həyata keçirməsi, bu istiqamətdə görülən işlərin gizliliyini və maliyyələşdirilməsini təmin etməsi, “Təqi” ləqəbi altında qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirakına əsaslı şübhələr müəyyən edilmişdir.

“Həmçinin müəyyənləşdirilmişdir ki, Taleh Yusifov 2016-cı ilin əvvəllərində İran ərazisinə keçib Səfərov Yunis Rafiq oğlu (məhkum edilmişdir), Əsədov Rövşən Elçin oğlu və digərləri ilə birlikdə gizli yaratdıqları qanunsuz silahlı birləşmənin tərkibində müxtəlif silahlarla hərbi təlimlərdə iştirak etmiş, həmin şəxslərlə birgə Suriya ərazisində xarici mütəxəssislər tərəfindən xüsusi təyinatlı texnikaların tətbiqi ilə müşayiət olunan hərbi xarakterli əməliyyat tədbirlərinin planlaşdırılması, kəşfiyyat işlərinin aparılması ilə bağlı xüsusi təlimlər keçmişdir”.

“Taleh Yusifov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarış elan edilmişdir. İstintaqla Taleh Yusifovun xarici ölkə ərazisinə keçdikdən sonra gizləndiyi yer müəyyən olunmuş və o, beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində saxlanılaraq Azərbaycana ekstradisiya edilmişdir. Hazırda cinayət işi üzrə aradırmalar davam edir”, – deyə xəbərdə bildirilir.

DTX T.Yusifovun hansı ölkədən ekstradisiya edildiyi haqda məlumat verməyib.

Mission News Theme by Compete Themes.