BAYRAQDAR MEDİA – Oktyabrın 2-də Bosniya və Herseqovinada keçirilən prezident və parlament seçkilərindən 85 gün keçməsinə baxmayaraq, ölkədə hələ də hökumət formalaşmayıb.
Bu barədə Balkan News məlumat yayıb. Məlumata əsasən, Bosniya və Herseqovinada 1992-1995-ci illər müharibəsinə son qoyan Dayton Sülh Müqaviləsi ilə yaranan mürəkkəb siyasi quruluşa görə, demək olar ki, hər seçkidə olduğu kimi bu seçkidən sonra hökumət qurma cəhdləri uğurlu ola bilmədi: “Dayton Sülh Müqaviləsi Bosniya və Herseqovinaya iki qurum, Bosniya və Herseqovina Federasiyası (FBIH) və Serb Respublikası (RS), həmçinin FBIH tərkibindəki 10 kantonu gətirdi. Hər iki qurumun və kantonun öz parlamenti və hökuməti olsa da, ölkədə dövlət səviyyəsində Nazirlər Şurası da var. Oktyabrın 2-də keçirilən seçkilərin rəsmi nəticələrinin açıqlanmasında xeyli müddət keçsə də kanton, qurum və əyalət səviyyəsində parlamentlərdə yer tutan siyasi partiyalar fərqli siyasi baxışlarına baxmayaraq, parlamentlərdə çoxluq əldə etmək və hökuməti formalaşdırmaq üçün koalisiya danışıqlarını davam etdirirlər”.
Məlumatda qeyd edilib ki, dekabrın 16-da Xorvatiya Demokratik İttifaqı (HDZ), Müstəqil Sosial Demokratlar İttifaqı (SNSD) və Sarayevoda yerləşən müxalifət partiyalarının yaratdığı “Səkkizlik” alyansı arasında koalisiya sazişi imzalanmasına baxmayaraq, hökumətin qurulması prosesində Bosniya və Herseqovinada keçirilən ümumi seçkidən sonra dövlət səviyyəsində hələ yeni bir addım atılmayıb: “Müstəqil Bosniya və Herseqovinanın ilk prezidenti mərhum Aliya İzzetbeqoviç tərəfindən qurulan Demokratik Fəaliyyət Partiyası (SDA) bir çox kantonlarda, FBIH və əyalət səviyyəsində ən çox səs toplayan Bosniya partiyası olub. Lakin “Səkkizlik” ittifaqı SDA-sız hökumət qurmağa doğru gedir”.
Mərkəzi hakimiyyətdən fərqli olaraq Serb Respublikasında hökumətin formalaşdırılması prosesi həyata keçirilib. Bu qurumda hökumət dekabrın 21-də formalaşıb.
O da vurğulanıb ki, Bosniya və Herseqovinadakı mürəkkəb siyasi quruluş hər 4 ildən bir keçirilən parlament seçkilərindən sonra hökumətlərin formalaşdırılmasına “əsas maneələr” yaradır: “Bosniya və Herseqovinada hökumətin qurulması prosesi 2010-cu ildə 16 ay çəkib. Bu proses 2014-cü ildə 5,5 ay, 2018-ci il seçkilərində isə 14 ay çəkib. Hökumət ancaq 2019-cu ildə qurulub”.