Press "Enter" to skip to content

Fransa Qafqaza soxulmaq istəyir

Yeganə Hacıyeva

Son yeniləmə: 26 Dekabr 2022 10:24

Yeganə Hacıyeva: Bütün bunlar Fransanın beynəlxalq hüquqa deyil, erməni maraqlarına söykənən siyasət yeridən bir ölkə kimi beynəlxalq nüfuzunu ayaqlar altına atır

BAYRAQDAR MEDİA – “44 günlük Vətən müharibəsindən sonra imzalanan üçtərəfli Bəyanat tərəflərin üzərinə müəyyən vəzifələr qoyurdu. Azərbaycan bu sənədə əsasən üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirsə də Rusiya və Ermənistan buna tam əməl etmədi. Nəticədə də regionda əbədi sülhün imzalanması prosesi gecikdirildi”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.

Onun sözlərinə görə, bu azmış kimi Ermənistanda revanşist əhval-ruhiyyənin artması, bu fonda Xankəndidəki bölücü qüvvələrin məhz Rusiya sülhməramlılarının himayəsindən istifadə edərək növbəti cinayətlər törətməsi Azərbaycanda əsəbləri tarıma çəkdi: “Məlumat üçün bildirim ki, müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan torpaqlarında ermənilər tərəfindən təbii sərvətlərimiz talan edildi. Üstəlik ərazidə ekoloji terror törədildi. Təbii ki, Azərbaycan buna seyrçi qala bilməzdi və əraziyə dövlətimizin müvafiq qurumlarının təmsilçilərindən ibarət monitorinq qrupunun getməsi üçün təşəbbüs göstərildi. Lakin Rusiya sülhməramlılarının erməni bölücüləri ilə birlikdə gerçəkləşdirdiyi təxribatlar monitorinq qrupunun əraziyə gedişini əngəllədi. Buna cavab olaraq isə dekabrın 12-dən etibarən azərbaycanlı eko-fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirməyə başladılar. Artıq 15-cü gündür ki, davam edən aksiyada əsas tələblər Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin monitorinq aparması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terroruna son qoyması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır. Özü də bu, tamamilə dinc aksiyadır. Aksiya iştirakçıları humanitar məqsədli yüklərin, avtomobillərin ərazidən keçməsinə hər cür şərait yaradırlar ki, bu da ermənilərin və onların xarici havadarlarının blokada haqqında iddialarını tamamilə puç edir”.

Y.Hacıyeva deyib ki, bununla belə, Rusiya ilə yanaşı digər bəzi xarici güclər, xüsusilə də Fransa yaranmış bu vəziyyətdən öz çirkin maraqları üçün istifadə etməyə çalışır: “Əslində vəziyyətin bu həddə gəlməsinin başlıca günahkarlarından biri elə Fransadır. Çünki məhz Fransanın Ermənistanı yenidən müharibəyə sövq edən addımları, bölgədə əbədi sülhün imzalanmasına qarşı olan əməlləri erməniləri yenidən ürəkləndirib. 30 ilə yaxım müddətdə ATƏT-in Minsk Qrupunun üç həmsədr dövlətindən biri kimi Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün bircə addım belə atmayan, nəticədə də 44 günlük Vətən müharibəsindən sonra regionda təsiri sıfıra enən Fransa bu gün Ermənistanı əlində qalxan edərək Qafqaza soxulmaq istəyir. Bu məqsədlə Fransa müxtəlif manevrlər edir, Azərbaycana qarşı beynəlxalq səviyyədə təzyiqlər göstərməyə çalışır. Sərhəd missiyası, o cümlədən bir müddət öncə BMT çərçivəsində qaranlıq niyyəti puç olan Fransa indi də Ermənistanla birgə başqa bir məkrli plan hazırlayıb. Fransa Prezidenti Emmanuel Makronun beynəlxalq humanitar təşkilatların Qarabağ ərazisinə göndərilməsi çağırışları həmin planın tərkib hissəsidir. Bu, bir daha göstərir ki, E.Makron, daha dəqiq desək, Fransa hər bir vəchlə Azərbaycanın suveren ərazisi olan Qarabağa soxulmağa çalışır”.

Politoloq bildirib ki, bu cəhdlər əbəsdir: “Çünki əvvəla bu cür yanaşma, BMT Nizamnaməsinin humanitar məsələlərlə bağlı bəndlərindən sui-istifadədir. Fransa rəsmiləri, xüsusilə də E.Makron umutmasın ki, həmin bəndlərə əsasən hər hansı bir ölkənin ərazisinə humanitar missiya yalnız o ölkənin razılığı əsasında göndərilə bilər. Qarabağ Azərbaycan ərazisidir və ölkəmizin E.Makronun arzularını gerçəkləşdirməyə hesablanmış hansısa humanitar missiyanın ərazilərimizə gəlməsinə razılıq vermək niyyəti yoxdur. Digər tərəfdən, E.Makronun, N.Paşinyan rejiminin, həmçinin Vardanyan-Arutyunyan cütlüyünün rəhbərlik etdiyi quldur dəstəsinin iddiasını əksinə olaraq Qarabağ ərazisində heç bir humanitar böhrandan söhbət gedə bilməz. Əgər Xankəndi ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşları hər hansı bir humanitar çətinliklə üzləşərsə, Azərbaycan öz vətəndaşlarının problermlərini həll etməyə qadirdir. Bir sözlə, bütün bunlar Fransanın beynəlxalq hüquqa deyil, erməni maraqlaırna söykənən siyasət yeridən bir ölkə kimi beynəlxalq nüfuzunu ayaqlar altına atır”.

Mission News Theme by Compete Themes.