BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin dekabrın 24-də – öz ad günündə Qərbi Azərbaycan İcması ilə görüşü gələcək üçün yol xəritəsidir. Bu görüş və orada səslənən fikirlər, Prezidentin qətiyyətli mövqeyi bir daha onu göstərir ki, ölkə başçısı addım-addım Azərbaycanın bütün problemlərini çözmək üçün aydın bir plana sahibdir.
Sözügedən görüş İ.Əliyevin doğrudan da bütün dünya Azərbaycanlılarının lideri olmasının təsdiqidir. O, bu görüşü həm də Güney Azərbaycan məsələsinin fəal gündəm olduğu bir dönəmdə keçirməklə Bütöv Azərbaycan ideyasının ən öndə gedəni olduğunu göstərmiş oldu.
Hər kəsin yadındadır ki, bu il noyabrın 11-də qardaş Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının Zirvə Görüşündə Prezident İ.Əliyev türk dövlətlərindən kənarda yaşayan türklərin hüquqlarını da dilə gətirmişdi.
Ardından da Bakıda keçirilən bir beynəlxalq tədbirdə İ.Əliyev açıq mətnlə danışaraq Güney Azərbaycan türklərinin davamlı şəkildə pozulan haqlarını gündəm etmişdi. Bununla da o, bütün dünya Azərbaycanlılarının, özəlliklə də Güney Azərbaycanlı soydaşlarımızın təqdirini qazanmışdı.
İndi də Qərbi Azərbaycan məsələsini yenə də Prezident İ.Əliyev gündəm edir.
Demək ki, böyük Azərbaycan davası bundan sonra daha da sürətlənəcək. Demək ki, bu dava bundan sonrakı mərhələdə artıq dövlətin öncüllüyündə yürüdüləcək. Demək ki, davanın önünü məhz Prezident İ.Əliyevin özü çəkəcək!
Bizə düşən nədir bu mərhələdə? Əlbəttə ki, diqqəti yayındırmadan bu böyük davaya mümkün olan və olmayan bütün dəstəkləri vermək!
Lider artıq hədəfi – yolu aydın şəkildə göstərib. Bundan sonra Azərbaycanın bütövləşəcəyinə şübhə yeri qalmır! Dünya da bunu qəbul etməli olacaq. O baxımdan fars-molla rejiminin basqıları altında hər gün zülm çəkən Güneyli soydaşlarımıza daha açıq dəstək vermək üçün imkanlar yaranıb. Boş durmayaq, məsuliyyətsiz olmayaq və qətiyyətlə yola davam edək!
Bir də sözümüz ölkə içində ortalığı qarışdırıb ictimai fikri məşğul etmək istəyənlərədir. Lütfən, demokratiya, insan haqları adı altında pozuculuqdan çəkinin. Zatən sizin nə istədiyiniz, kimlərə qulluq etdiyiniz açıq şəkildə görünür. Zatən sizin Azərbaycan üçün deyil, Azərbaycana qarşı olduğunuz sirr deyil. Heç olmasa bu mərhələdə bir qədər kənarda durun, dövlət və millət əl-ələ verib böyük idealları gerçəkləşdirsin, sonra da siz yeni qrantlar almaq üçün yenə də demokratiya oyunlarınızı oynayarsınız.
Bu arada onu da qeyd edək ki, ictimai fəalların Laçın yolundakı dinc aksiyası da dünyanın gözü önündə qətiyyətli dirəniş örnəyi olaraq tarixə keçməkdədir. Vətəndaş cəmiyyəti fəalları, könüllülər gecə-gündüz demədən o şaxtalı yolda keşik çəkir, həddini aşanlara həddini göstərir. Bu da məhz dövlətin milli məsələləri çözmə çalışmalarına vətəndaş dəstəyinin gözəl bir örnəyidir.
Belə bir mərhələdəyik. Ona görə də hər kəs yerini və həddini bilməlidir. Heç kəsin haqqı yoxdur ki, ən ümdə milli məsələlər həll edilməkdəykən ayağımızdan çəksin, özəlliklə də erməni dəyirmanına su töksün. Dolayısıyla, birbaşa, sətiraltı olsa belə milli davaya şübhə edən, badalaq vuran hər kəs günün birində bu əməllərinə görə mütləq utanmalı olacaq…