Vüqar İskəndərov: Erməni kartı ilə Azərbaycana hücum və təzyiq etmək istəyənlər səmimidirlərsə, Vardanyan-Arutyunyan cütlüyünün rəhbərlik etdiyi quldur dəstəsinin cinayətkar əməllərinə də münasibət bildirsinlər
BAYRAQDAR MEDİA – “İki il öncə, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əldə etdiyi tarixi qələbə nəticəsində torpaqlarımız işğaldan azad edildi. Bu müharibə işğalçı Ermənistan ordusunun darmadağın olması, bu ölkənin diz çökməsi ilə nəticələndi. Ermənistanın təslimçilik aktı kimi dəyərləndirilən, 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla işğalçı ölkə üzərinə müəyyən öhdəliklər götürdü. Düşünmək olardı ki, Ermənistan heç olmasa bundan sonra ağıllı addım atmaq üçün özündə güc tapacaq. Lakin təəssüf ki, bu belə olmadı”.
Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti, o cümlədən Xankəndidəki bölücü dəstənin başçıları öz ənənəvi xislətlərindən əl çəkmirlər: “Məlum olduğu kimi, bir tərəfdən Nikol Paşinyan rejimi Azərbaycanla sülh sazişinin imzalanmasını müxtəlif bəhanələrlə uzadır. Digər tərəfdən də Vardanyan-Arutyunyan cütlüyünün rəhbərlik etdiyi quldur dəstəsi Xankəndi sakinlərini girov saxlayaraq öz məkrli niyyətlərini həyata keçirməyə çalışır. Laçın-Xankəndi yolu açıq olsa da, quldur dəstəsi saxta böhran, blokada görüntüsü yaratmaq üçün sadə ermənilərin o yoldan istifadə etməsinə imkan vermir. Halbuki azərbaycanlı eko fəalların, ictimaiyyət nümayəndələrinin həmin yolda sülhməramlıların postu yaxınlığında dinc aksiya keçirdikləri, humanitar məqsədli yüklərin, avtomobillərin, həmçinin xəstələrin ərazidən keçməsinə hər cür şərait yaradıldığı həm ermənilərə, həm də onların xaricdəki havadarlarına gün kimi aydındır”.
Deputat qeyd edib ki, bu gün erməni kartı ilə Azərbaycana hücum və təzyiq etmək istəyən xarici güclər səmimidirlərsə, onda Xankəndidə baş verənləri görməzdən gəlməməlidirlər: “Dediyim kimi, Vardanyan-Arutyunyan cütlüyünün rəhbərlik etdiyi quldur dəstəsi Xankəndi sakinlərini girov saxlamaqdadır. Məlumatlara əsasən, Xankəndi sakinlərinin sosial şəbəkə hesabları izlənilir, təftiş edilir. Onlara təzyiqlər edilir, hətta döyüb işgəncə verirlər. Bu gün “blokada” deyib, əsassız hay-küy salan xarici güclər buyurub bu məqamlara diqqət etsinlər. Sadə ermənilərin Vardanyan-Arutyunyan cütlüyünün rəhbərlik etdiyi quldur dəstəsindən xilas olması üçün bircə dəfə də olsa bəyanat versinlər”.