Son yeniləmə: 24 Dekabr 2022 12:08
BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı “N” saylı hərbi hissədə çıxış edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya teatrln mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, əvvəlcə hərbi hissənin nümayəndəsi çıxış edərək qonaqları salamlayıb. O, Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə başda olmaqla, layihənin bütün iştirakçılarına hərbi hissə rəhbərliyinin Fəxri Fərmanlarını təqdim edib.
Teatrın truppa müdiri Ələsgər Muradxanlı isə çıxışında hər kəsi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə təbrik edərək səhnəni yaradıcı heyətə verib.
Məlumata görə, teatrın aktyorları milli dramaturgiyamızın banisi, görkəmli ictimai xadim M.F.Axundzadənin eyniadlı komediyası əsasında hazırlanmış “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasını şəxsi heyətə nümayiş etdiriblər: “Mirzə Fətəlinin bu məşhur komediyası əslində ictimai-sosial şəraitin yaratdığı ciddi insani münasibətlərdən, düşüncə fərqliliyi ilə yaranan anlaşılmazlıq nəticəsində onların qarşı-qarşıya durmasından bəhs edir. Görkəmli dramaturq oyun içində oyun quraraq, ictimai mühitin güzgüsünə çevrilən, komik nüanslarla zəngin gözəl bir əsəri töhfə kimi bizə bağışlayıb. Tamaşada rolları əməkdar artistlər Leyli Vəliyeva, Gülər Nəbiyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Kərəm Hadızadə, Asya Atakişiyeva, Nuranə Hüseynova, Natiq Fərzəliyev, Müşfiq Əliyev ifa ediblər”.
Aktyorların çıxışları şəxsi heyət tərəfindən böyük rəğbət və sürəkli alqışlarla qarşılanıb.