BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev dekabrın 24-də qardaş Özbəkistan Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayevi qəbul edib.
Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.
Dövlət başçısı ölkələr arasında ikitərəfli münasibətlərin inkişafı baxımından 2022-ci ilin də çox uğurla başa çatdığını bildirib. O, qeyd edib ki, bu il Özbəkistana 3 dəfə səfər edib. Prezident bu səfərlər zamanı keçirilən görüşlərdə əməkdaşlığın genişlənməsi ilə bağlı müəyyən edilmiş bütün sahələr üzrə qarşıya qoyulan məqsədlərə çatmaqdan məmnunluğunu ifadə edib. İ.Əliyev 2023-cü ildə də əlaqələrin inkişaf dinamikasının saxlanılacağına əminliyini bildirib. Dövlət başçısı sənaye, kənd təsərrüfatı, hərbi-texniki, nəqliyyat, təhsil sahələrində və digər sahələrdə əməkdaşlığın gələcək inkişafı üçün yaxşı zəmin yaradıldığını vurğulayıb.
“Cəmşid Xocayev, ilk növbədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını və ad günü münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırdı, Azərbaycan və Özbəkistan dövlət başçıları arasında şəxsi əlaqələrin münasibətlərimizin inkişafında rolunu xüsusi olaraq qeyd etdi, belə bir əlamətdar gündə Azərbaycan Prezidentinin qəbulunda olmaqdan böyük şərəf hissi duyduqlarını dedi.” Xəbərdə belə deyilir.
İ.Əliyev salamlara və təbrikə görə minnətdarlığını bildirib, onun da salamlarını Şavkat Mirziyoyevə çatdırmağı xahiş edib.
Xəbərdə daha sonra qeyd edilir ki, “torpaqlarımızın işğaldan azad edilməsi və Vətən müharibəsində əldə olunan Qələbə münasibətilə dövlətimizin başçısını təbrik edən Cəmşid Xocayev vurğuladı ki, bu, bütün Türk dünyasının Qələbəsidir. Qonaq dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın iqtisadi inkişafını və əldə etdiyi nailiyyətləri xüsusi qeyd etdi”.
“Görüşdə ikitərəfli münasibətlərin inkişafı barədə fikir mübadiləsi aparıldı, ticarət dövriyyəsinin artdığı qeyd olundu, birgə investisiya fondunun yaradılması istiqamətində dövlət başçıları arasında müvafiq razılığa əsasən həyata keçirilən iş barədə danışıldı.
“Söhbət zamanı nəqliyyat, istehsalat kooperasiyası, energetika, yüngül sənaye, xüsusilə ipəkçilik və pambıqçılıq sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu” sözləri ilə xəbər başa çatır.