Press "Enter" to skip to content

Prezident: Biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik

Son yeniləmə: 28 Mart 2023 10:41

BAYRAQDAR MEDİA – Dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb.

Xəbəri Prezidentin Mətbuat xidməti yayıb. Xəbərin mətnini təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb.

Dövlətimizin başçısına binada yaradılan şərait barədə məlumat verildi.

Sonra Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə giriş nitqi söylədi.

Prezident İlham Əliyevin giriş nitqi

-Mən ikinci dəfədir ki, bu binadayam. On iki il bundan əvvəl binanın açılışında iştirak etmişəm. Onu da bildirməliyəm ki, bu bina mənim göstərişimlə inşa edilmişdir və ovaxtkı məcburi köçkünlər üçün nəzərdə tutulmuşdur, Qarabağdan olan məcburi köçkünlərin təşkilatı bu binada yerləşmişdi. İkinci dəfədir ki, buradayam və artıq bu binada Qərbi Azərbaycan İcması yerləşibdir. Bu gün biz bu binanın Qərbi Azərbaycan İcmasına verilməsini qeyd edirik.

Bildiyiniz kimi, avqust ayında Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan İcmasına çevrilmişdir və mən hesab etdim ki, ən düzgün yer, ən düzgün qərargah məhz bu bina olmalıdır. Təkcə ona görə yox ki, bu, çox gözəl binadır, dördmərtəbəlidir və burada fəaliyyət göstərmək üçün bütün imkanlar var, Heydər Əliyev Mərkəzi ilə demək olar ki, üzbəüz yerləşir. Əsas səbəb o idi ki, burada vaxtilə yerləşmiş Qarabağın məcburi köçkünlər icması artıq öz torpaqlarına qayıdır. Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.

Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan yəqin ki, ən önəmlisi xalqımızın tarixi yaddaşıdır. Bu gün Zəngilan rayonunun Ağalı kəndinin nümunəsi bunu deməyə əsas verir. Bu gün Zəngilan rayonunun Ağalı kəndində yaşayan insanların böyük əksəriyyəti, eyni zamanda, uşaqlar, gənclər onlar üçün doğma olan o torpaqları heç vaxt görməmişlər. Torpaq həsrəti və Vətən sevgisi onları oraya getməyə vadar etdi. Onların arasında hətta Bakıdan, Sumqayıtdan gedənlər də az deyil. Yəni, bu, xalqımızın xüsusiyyətidir, torpaq həmişə çəkir. Əminəm ki, Qərbi azərbaycanlılar da bu fikirlə, bu arzu ilə yaşayırlar.

Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır.

Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq üçün, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərmişdir. Ancaq buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında bizim xalqımız öz doğma torpaqlarından məhrum edilmişdir. XX əsr bu baxımdan xalqımız üçün çox böyük faciələr gətirmişdir. 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi – İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır. Bu, bağışlanmaz bir addım idi, bu, xəyanət idi və cinayət idi. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir. Biz heç vaxt tariximizi təhrif etməməliyik.

Tariximizdə şanlı səhifələr də olub, əfsuslar olsun ki, qara səhifələr də olub. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qısamüddətli fəaliyyəti haqqında mən dəfələrlə öz fikirlərimi bildirmişdim. Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyətini yüksək qiymətləndirmişdim. Bu, doğrudan da dünya miqyasında, müsəlman aləmində ilk respublika idi, baxmayaraq ki, cəmi iki il yaşadı. Ancaq, eyni zamanda, biz bu tariximizin qara səhifələrini də unutmamalıyıq, ört-basdır etməməliyik. Birincisi, tarixi həqiqət təhrif olunmuş formada təqdim edilməməlidir. İkincisi, bu faciəvi hadisə hamımız üçün dərs olmalıdır.

O vaxt bu qərarı müxtəlif səbəblərlə izah etməyə çalışanlar da olub, bu gün də var. Ancaq hesab edirəm ki, heç bir izahat qəbul edilən deyil, çünki ermənilər bu addımla kifayətlənməmişlər. Əgər kimsə hesab edirdi ki, İrəvanı orada yaşayan insanlardan xəbərsiz öz doğma diyarından məhrum etməklə Ermənistan və ermənilər kifayətlənəcək, böyük səhv edirdi və sonrakı tarix bunu bir daha göstərdi. 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bu, xalqımıza qarşı növbəti cinayət idi. Bunun da məqsədi tam aydın idi. Birincisi, erməni millətçiləri sovet hökumətində mühüm vəzifələrdə idi. Digər tərəfdən, Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq üçün atılmış bir addım idi.

Yəni, görün, cəmi iki il ərzində xalqımızın başına nə qədər böyük bəlalar gətirildi. Əgər kimsə hesab edirdi ki, 1918-ci ildə İrəvanı Ermənistana verməklə biz hansısa daha böyük bəlalardan özümüzü sığortalamış ola bilərdik, bax, Zəngəzurun Ermənistana verilməsi bir daha onu göstərir ki, bu, çox yanlış, səhv addım idi və dediyim kimi xəyanət idi. Hətta səndən güclü olan qüvvə qarşısında heç vaxt geri addım atmamalısan, hər zaman öz hüququnu qorumalısan, xüsusilə doğma torpağını qorumalısan.

Bununla Qərbi azərbaycanlıların faciələri bitmədi. Hamımız yaxşı bilirik ki, 1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qalmışdır. Bu, sovet hökumətinin Qərbi azərbaycanlılara və bütövlükdə Azərbaycan xalqına qarşı törədilmiş növbəti cinayəti idi. Bu, eyni zamanda, böyük ədalətsizlik idi, vicdansızlıq idi. Çünki İkinci Dünya müharibəsi cəmi 3 il idi ki, başa çatmışdır. Azərbaycan xalqı böyük fədakarlıq göstərmişdir. Təkcə sovet Azərbaycanından olan insanların 300 mini həlak olmuşdur. O vaxt sovet Ermənistanında yaşamış on minlərlə azərbaycanlı da həlak olmuşdur. Azərbaycan İkinci Dünya müharibəsində faşizm üzərində əldə edilmiş qələbədə müstəsna rol oynamışdır. Azərbaycan nefti olmasaydı sovet dövləti heç vaxt qələbə qazana bilməzdi. Bunu hər kəs bilir. Bu rəqəmlər dəfələrlə səsləndirilib. Benzinin, sürtkü yağlarının və neftin təqribən 70, 80, 90 faizi Azərbaycandan təchiz edilirdi. Bütün bunlara baxmayaraq, xalqımıza qarşı növbəti cinayətin törədilməsi, yenə də deyirəm böyük vicdansızlıqdır və saxta bəhanə adı altında xalqımız növbəti deportasiyaya məruz qalmışdır.

Nəhayət, 1980-ci illərin sonlarında sovet hökuməti xalqımıza qarşı növbəti cinayət törətdi. Bu dəfə Ulu Öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən həm erməni millətçiləri, həm onların sovet hökumətindəki havadarları dərhal hərəkətə keçdilər. Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet hökuməti onlara dəstək oldu və həm Qarabağda, həm ovaxtkı Ermənistan Respublikasında xalqımıza qarşı növbəti cinayət başlandı. Azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiya edildi və biz bu tarixi yaxşı bilirik, xatırlayırıq və azərbaycanlıların yaşadıqları o məntəqələrin sayını da yaxşı bilirik – 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayırdılar. Mən ovaxtkı Ermənistanı nəzərdə tuturam, Ermənistan Respublikasını nəzərdə tuturam, 90-a yaxın kənddə azərbaycanlılar əksəriyyət təşkil edirdilər və bütövlükdə 300-dən çox şəhər və kənddə azərbaycanlılar yaşamışlar. Onların hamısı 3 il ərzində Ermənistandan zorla çıxarıldı, qovuldu, bir çoxları öldürüldü, onlara işgəncələr verildi. Bütün bu cinayətlər sovet hökumətinin gözünün önündə baş vermişdi. Sonuncu kəndimiz Nüvədi 1991-ci ilin avqustunda deportasiyaya məruz qaldı. O da azmış kimi Qarabağda da xalqımıza qarşı cinayət törədildi.

Qarabağın və Şərqi Zəngəzurun işğalı növbəti faciəmiz idi. Yəni, görün, təkcə XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşmişdir. Ancaq sınmadı, əyilmədi, inamını itirmədi, güc topladı və nəticədə istədiyinə nail oldu. İki il bundan əvvəl biz öz tarixi missiyamızı şərəflə yerinə yetirərək ədaləti bərpa etdik, düşmənləri torpaqlarımızdan qovduq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik. Bu gün azad edilmiş torpaqlarda yaşayırıq, qururuq, yaradırıq, dağıntıları aradan qaldırırıq və dünyaya göstərməyə çalışırıq ki, gəlin, baxın, gözlərinizi açın, bu vəhşilikləri törədən sizin sevimli erməni xalqıdır. Bu cinayətləri hansısa yad planetdən gələnlər yox, sizin sevimli və himayəniz altında olan erməni xalqı törədib, məscidləri dağıdıb, tarixi abidələri dağıdıb, qəbirləri dağıdıb, olmazın vəhşiliklərini edib. Eynisini onlar Qərbi Azərbaycanda da ediblər. Sadəcə olaraq, dünya ictimaiyyəti bunu görmür, ya da ki, görmək istəmir. Necə ki, Qarabağda erməni vəhşilikləri faktiki olaraq heç kim tərəfindən təsdiqləmirdi. Halbuki, iki dəfə ATƏT-in faktaraşdırıcı missiyası o vaxt işğal altında olan torpaqlara göndərilmişdi. Ancaq onların məruzəsinə baxdıqda, yenə də ikili standartlar görürük.

Bir tərəfdən, o vəhşilikləri, dağıntıları, qanunsuz məskunlaşmanı etiraf etməyə məcbur oldular, digər tərəfdən yenə də, balanslı yanaşaraq işğalçı ilə işğala məruz qalanı necə deyərlər, bir müstəviyə qoydular. Ona görə Qərbi Azərbaycanda ermənilər tərəfindən törədilmiş dağıntılar mütləq dünya ictimaiyyətinə çatdırılmalıdır. Əminəm ki, Qərbi Azərbaycan İcması Azərbaycan dövlətinin dəstəyi ilə bunu edəcək.

Bütövlükdə XX əsrdə xalqımızın çəkdiyi əzablar haqqında dünya ictimaiyyətinə daha geniş məlumat verilməlidir. Biz hər zaman həqiqəti deyirik. Azad edilmiş torpaqlara gələn 10 minlərlə xarici vətəndaş bu gün artıq öz gözləri ilə görür ki, xalqımız hansı vəhşiliklərə məruz qalıb. Bu gün orada gedən genişmiqyaslı quruculuq işləri bir daha xalqımızın iradəsini göstərir. Yenə də deyirəm, Ağalı kəndinin timsalında biz xalqımızın tarixi yaddaşını görürük. Çünki oranı heç vaxt görməyən uşaqlar, gənclər oraya qayıdıblar. Əminəm ki, biz eynisini Qərbi Azərbaycanda da görəcəyik.

Bu il başa çatır. İl ərzində bir çox önəmli hadisələr baş vermişdir. Biz Azərbaycan-Ermənistan sərhədində məcburən hərbi əməliyyat keçirməli olduq. Bu hərbi əməliyyat nəticəsində bizim tarixi şəhərlərimiz bu gün artıq vizual müşahidə yolu ilə gözümüzün önündədir. Bu gün biz artıq Bala Göyçənin sahilindəyik. Bu gün biz Göyçə gölünü binoklsuz görürük. Birincisi, hesab edirəm ki, bu, ədalətlidir. İkincisi, sentyabr toqquşmaları bizi gələcəkdə böyük problemlərdən sığortalayacaq. Çünki Ermənistanda revanşist qüvvələr baş qaldırır, – istər iqtidarda, istər müxalifətdə, – faktiki olaraq bizim üçün fərqi yoxdur. Çünki Ermənistanda cəmiyyətin şüuru o qədər zəhərlənib, azərbaycanofobiya o qədər geniş vüsət alıb ki, orada faktiki olaraq normal düşüncəyə malik olan, – mən siyasi sahəni nəzərdə tuturam, – qalmayıb. Ona görə onlar revanş fikri ilə yaşayırlar. Onlar yenə də ümid edirlər ki, kimsə gələcək onların əvəzinə bizimlə müharibə aparacaq, onlar da hər zaman olduğu kimi, hansısa himayədarın arxasında gizlənərək yenə də bizə qarşı öz məkrli planlarını həyata keçirəcəklər. Bax, özümüzü bundan sığortalamaq üçün biz mütləq Azərbaycan-Ermənistan sərhədi istiqamətində daha əlverişli mövqelərə sahib olmalı idik və buna nail olduq.

Bu gün yerləşdiyimiz yüksəkliklərdən hətta Naxçıvan dağları da görsənir. Yəni, bu, doğrudan da tarixi nailiyyətdir. Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir və Azərbaycan durduqca Azərbaycan tarixində qalacaq. Bu il əldə edilən həm hərbi, həm siyasi uğurlarımız da gələcək üçün zəmin yaradır. Həm qayıdış üçün, həm təhlükəsizlik üçün, həm Azərbaycanı güclü dövlət kimi qəbul etmək istəməyənlər üçün də bir dərs oldu və bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz. Mən bunu artıq bir neçə dəfə demişəm, bu gün də demək istəyirəm. Bu gün Laçın yolunda baş verən hadisələr növbəti anti-Azərbaycan isterikasına səbəb olub. Burada təkcə Ermənistan yox, bəlkə də onlardan daha çox onların xaricdəki havadarları, onların arxasında dayanan dövlətlər yenə də Azərbaycana qarşı qarayaxma kampaniyası başlamışdır və biz bu gün görüşdüyümüz vaxtda BMT-də bizə qarşı növbəti təxribat hazırlanır. Artıq bir neçə gündür ki, xüsusi canfəşanlıqla seçilən bəzi ölkələr bizə qarşı növbəti çirkin planlarını həyata keçirmək əzmindədir. Amma hələ ki, bir şey əldə edə bilmirlər, neçə gündür əlləşirlər. Gələn həftə də öz səylərini göstərəcəklər. Yəni, Laçın yolunda baş verən hadisə gün kimi aydındır. Bu, bizim legitim hüququmuzdur. Bizim təbii sərvətlərimiz istismar edilir, təbii sərvətlərimiz daşınır. O təbii sərvətlərimizi istismar edənlər istənilən beynəlxalq hüquqi normaya görə cinayətkardırlar. Çünki bu, bizim beynəlxalq birlik tərəfindən tanınmış ərazimizdir və haqlı tələbimiz var ki, bizim ictimaiyyət nümayəndələri və ilk növbədə, ondan əvvəl dövlət qurumlarının nümayəndələri monitorinq keçirməlidirlər. Baxmalıdırlar orada hansı işlər baş verir və o qanunsuz fəaliyyət dayandırılmalıdır. Bizim haqlı tələbimiz bundan ibarətdir. Ancaq bu gün bu vəziyyət tamamilə təhrif edilmiş tərzdə təqdim olunur. Yenə yalan, yenə iftira, yenə böhtan, kim bunu edir, biz hamımız yaxşı bilirik. Yenə də deyirəm, Ermənistan dövləti hazırda burada ilk sıralarda deyil. Amma bu, bizi heç nədən çəkindirməyəcək. Biz artıq bunu dəfələrlə sübut etmişik və İkinci Qarabağ müharibəsi bunu göstərdi, müharibədən keçən iki il bunu göstərdi. Heç kim bizə təsir göstərə bilməz. Zənglər ola bilər, hansısa bəyanatlar ola bilər, onlara əhəmiyyət vermək lazım deyil. Sadəcə olaraq, siyasi nəzakət naminə biz bu zənglərə cavab veririk. Ancaq bu, bizim mövqeyimizi zərrə qədər dəyişməyəcək.

Hesab edirəm ki, Qərbi Azərbaycan İcmasının bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərməsi hamımız üçün çox önəmlidir – həm Qərbi Azərbaycandan olan insanlar üçün, həm də bütün Azərbaycan xalqı üçün. Hesab edirəm ki, biz bu işi bundan sonra daha məqsədyönlü şəkildə aparmalıyıq. Yəni, təşkilat qurulub, icra qurulub, dövlət orqanları öz dəstəyini göstərir və göstərəcək. Əlavə göstərişlər mənim tərəfimdən veriləcəkdir. Ona görə hesab edirəm ki, icma bir neçə istiqamət üzrə öz işini davam etdirməlidir. Əlbəttə ki, ölkə daxilində bu icmanın fəaliyyəti daha da gözəgörünən olmalıdır. Hər halda Azərbaycan çərçivəsində bu icmanın fəallığı çox önəmli ola bilər.

Bununla bərabər, hesab edirəm ki, İcmanın bundan az əhəmiyyət kəsb etməyən beynəlxalq müstəvidə fəaliyyəti olmalıdır. Çünki biz bu həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq, necə ki, Qarabağ həqiqətlərini çatdırmışdıq. Faktiki olaraq biz 1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi ilə bağlı təhrif edilmiş təsəvvürü tamamilə dəyişdirə bildik. İnformasiya müharibəsi və İkinci Qarabağ müharibəsi onu göstərdi ki, bu, az əhəmiyyət kəsb etmir. Ona görə burada da İcmanın xaricdəki fəaliyyəti xüsusi önəm daşımalıdır. Sərgilər, təqdimatlar, beynəlxalq konfranslar keçirilməlidir. Azərbaycan diaspor təşkilatları ilə birlikdə aksiyalar keçirilməlidir. Bizim bir çox ölkələrdə diaspor təşkilatlarımız var və bu il biz Şuşada tarixi Azərbaycan diaspor təşkilatlarının qurultayını keçirdik. Xarici ölkələrin siyasi dairələri, mətbuat və qanunvericilik orqanları ilə təmaslar qurulmalıdır. Yəni, biz haqlı olaraq öz hüququmuzu tələb etməliyik. Bu, bütün beynəlxalq konvensiyalarda təsbit edilmiş hüquqdur.

Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Mən bunu deyəndə təxmin edirəm, yenə də Ermənistanda növbəti dəfə isterika başlayacaq ki, Azərbaycan gəldi bizi işğal etdi və sair. Yox. Biz bunu sülh yolu ilə etmək istəyirik. Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq. Hesab edirəm ki, İcmanın çox mötəbər bir rəqəmsal platforması olmalıdır, bir portalı olmalıdır. Orada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır. Məsələn, indi bunu artıq dünyada da bilməyə başlayırlar və sual olunur, – bu sualı biz qoymuşuq, Azərbaycan nümayəndələri, bu məsələ ilə məşğul olan insanlar qoyublar, – indi göstərin görək İrəvanın tarixi mərkəzi haradır? Haradadır İrəvanın tarixi mərkəzi? Əgər deyirsiniz ki, guya bu, dünyanın ən qədim şəhəridir. Haradadır bunun tarixi mərkəzi?

İndi baxın, görün, Cənubi Qafqazın digər ölkələrinə – Azərbaycanda, Gürcüstanda, bizim şəhərlərimizdə, əksər şəhərlərdə tarixi abidələr, tarixi mərkəzlər var. İstər Bakı olsun, Gəncə olsun, Naxçıvan, Şəki, Qəbələ, digər bütün şəhərlərdə. Bəs, necə ola bilər ki, İrəvanda tarixi mərkəz yoxdur? Qoy, bu sadə suala cavab versinlər. Cavab da gün kimi aydındır. Ona görə ki, bu tarixi mərkəz Azərbaycan xalqının tarixi irsi idi, hansı ki, onlar dağıdıblar. Şəhərsalma adı altında bütün tarixi binalarımız, o cümlədən İrəvan qalası, Sərdar sarayı dağıdılıb. Yəni, bütün bunlar göstərilməlidir. Yəni, siyasi və hüquqi tərəfdən başqa, istənilən məsələdə bunun tarixi mahiyyəti də əhəmiyyət kəsb edir. Ona görə bizim işimiz bu tarix üzərində qurulmalıdır.

Hüquqi tərəfə gəldikdə, biz birlikdə fikirləşməliyik, beynəlxalq hüquqşünaslar cəlb edilməlidir. Azərbaycan dövləti burada da kömək göstərəcək. Onlar bu qayıdış istəyini və hüququnu beynəlxalq müstəvidə necə reallaşdırmaq lazımdır yolunu bizə göstərəcəklər.

Əlbəttə ki, bizim tarixi həqiqətlərlə bağlı kitablarımız yenilənməlidir. Müəyyən dövrdə kitablar dərc edilmişdir, o cümlədən tarixi şəhərlərimizin, kəndlərimizin adları ilə bağlı kitab dərc edilmişdir. Siz o kitabın müəllifisiniz. Mən onu görmüşəm. Amma onu indi Azərbaycanda çox adam görübmü? Yox. Bilmirəm o, hansı tirajla dərc edilib. Yəni, siz təşəbbüs olaraq bunu özünüz etdiniz, imkanınız çatan tərzdə. Amma biz bunu dövlət səviyyəsində etməliyik. O kitabça bütün dillərə tərcümə edilməlidir. Onun yanında həm də elektron daşıyıcısı olmalıdır. Xarici dillərə tərcümə edilməlidir. Yəni, bu təbliğat işləri mütləq aparılmalıdır.

Hesab edirəm ki, ildə bir dəfə, ya da, iki ildən bir Bakıda Qərbi Azərbaycanla bağlı beynəlxalq konfrans keçirilməlidir. Biz özümüz üçün dost saydığımız ölkələrdən alimləri, arxeoloqları, tarixçiləri dəvət edəcəyik ki, mötəbər bir beynəlxalq konfrans keçirək, bunu təqdim edək. Yəni, bir çox addımlar atılmalıdır ki, bu mövzu gündəlikdən çıxmasın, əksinə bu mövzu beynəlxalq gündəliyə daxil edilsin. Çünki bu gün Ermənistan monodövlətdir. Biz bunu deyəndə, haqlı olaraq dünya ictimaiyyətinə bildiririk ki, bu, dözülməzdir. İndi Avrasiya məkanında, yerləşdiyimiz regionda hansı ölkə monodövlətdir? Bəs, sual olunur nə üçün məhz Ermənistan monodövlətdir? Cavab aydındır, ona görə ki, imkan verməyiblər orada başqa xalqlar yaşasın. O xalqları oradan müxtəlif yollarla çıxardıblar, kimi öldürüblər, kimi hədələyiblər, kimin evini yandırıblar. Beləliklə, bütün başqa millətləri oradan qovub, başqasının torpağında özləri üçün dövlət qurublar. Bu ərazidə heç vaxt Ermənistan olmayıb. İndiki Ermənistan bizim torpağımızdır. Mən bunu dəfələrlə deyəndə, mənə irad tuturlar, çalışırlar irad tutmağa ki, mənim ərazi iddiam var. Mən bunu tarixi həqiqət kimi deyirəm. Əgər kimsə başqa versiyanı təsdiq edə bilsə, gəlsin təsdiq etsin.

Erməni xalqı nə vaxt bizim torpaqlarımıza köçürülüb? Hamımız yaxşı bilirik. Qarabağa nə vaxt köçürülüb? Zəngəzura nə vaxt köçürülüb? Kim tərəfindən köçürülüb? Necə köçürülüb və hansı məqsədlə köçürülüb? Hamısını yaxşı bilirik. Onların bizim ərazimizdə, Cənubi Qafqazda heç vaxt dövləti olmayıb. Əgər nə vaxtsa olubsa, – hələ bəlli deyil kimin dövlətini onlar öz adlarına çıxmaq istəyirlər, – bu, başqa yerdə olub. Ona görə, biz bunları mütləq məqsədyönlü şəkildə, təşkilatlanmış qaydada, düzgün formada təqdim etməliyik. Əminəm ki, buna nail olacağıq.

Mən bununla paralel olaraq hesab edirəm ki, biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur. Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq, məncə bu gün biz vaxt itirməməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Qayıdış Konsepsiyası olmalıdır. Bizim tarixi yaşayış yerlərinin bir çoxu, mütləq əksəriyyəti indi bomboşdur. Biz bunu bilirik. Biz öz keçmişimizi yaxşı bilirik. Qərbi Azərbaycandan olan hər bir insan öz ulu babalarının yaşadıqları yerləri yaxşı bilir. İndi müxtəlif yollarla bu informasiyanı əldə etmək olar. Azərbaycanlıların yaşadıqları yerlərin əksəriyyətində heç kim yaşamır. Ermənistanda bütövlükdə indi depopulyasiya dövrü hökm sürür. İnsanlar oradan gedir. Həm təbii artım yoxdur, eyni zamanda, dözülməz siyasi vəziyyət, repressiyalar, faktiki olaraq diktatura və iqtisadi çətinliklər onları buna vadar edir. Bizim kəndlərimiz dağıdılır. Biz buna dözə bilmərik. Ona görə biz Qayıdış Konsepsiyası üzərində işləməliyik. Bu, çox sanballı sənəd olmalıdır. Əlbəttə ki, mütləq digər təkliflər də olacaq. Mən, sadəcə olaraq, bu gün bu görüş əsnasında gələcək fəaliyyətinizlə bağlı öz fikirlərimi bölüşmək istərdim.

Əlbəttə ki, mən sizdən də təkliflər gözləyəcəyəm. İcma həm öz imkanları daxilində, həm də Azərbaycan dövlətinin dəstəyi ilə bu işlərə, necə deyərlər, böyük yer verməlidir. Əminəm ki, biz buna nail olacağıq.

Bir daha onu da bildirməliyəm ki, bu yer icma üçün təsadüfən seçilmədi, rəmzi mənası var. Bu binada yerləşmiş qarabağlılar artıq Qarabağa ya qayıdıblar, ya da qayıtmağa hazırlaşırlar. Burada yerləşən Qərbi azərbaycanlılar da qayıdacaqlar, İnşallah.

x x x

Sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov, Müşahidə Şurasının sədri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı akademik Əhliman Əmiraslanov, Müşahidə Şurasının üzvü, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədova və Müşahidə Şurasının üzvü, Xalq şairi Vahid Əziz çıxış etdilər.

x x x

Çıxışlardan sonra dövlətimizin başçısı yekun nitqi söylədi.

Prezident İlham Əliyevin yekun nitqi

-Çox sağ olun. Burada səslənən bütün təkliflər, əlbəttə ki, geniş təhlil ediləcək və mən hətta səslənməyən təklifləri də gözləyəcəyəm. Onu da bildirməliyəm ki, mən də hesab edirəm, fəaliyyət daha məqsədyönlü olmalıdır. Bu gün fərdi qaydada fəaliyyət göstərən, məsələn, qəzet redaksiyaları, ictimai birliklər artıq bir yerə yığılmalıdır. Necə ki, Qərbi Azərbaycan İcması yaradıldı, o vaxta qədər də ayrı-ayrı qurumlar var idi, ictimai təşkilatlar var idi, qeyri-hökumət təşkilatları var idi, bizim tövsiyəmizlə artıq bir yerə cəmləşdi və bu, daha məqsədyönlü fəaliyyət olacaq. O cümlədən bütün informasiya resursları – qəzetlər, informasiya portalları, mən dediyim kimi, rəqəmsal platforma və sair məqsədyönlü şəkildə vahid konsepsiya və siyasət çərçivəsində iş aparılmalıdır və bunun əsas hədəfi bizim qayıdışımızdır. İndi Qarabağ üzrə Böyük Qayıdış Proqramı icra edilir. İnşallah, vaxt gələcək, biz ikinci Böyük Qayıdış Proqramını da işləyəcəyik.

Fürsətdən istifadə edərək mənim haqqımda dediyiniz bütün xoş sözlərinizə görə təşəkkürümü bildirmək istəyirəm. Mən əvvəlki dövrdə adətən 24 dekabr günündə məcburi köçkünlərlə bir yerdə olurdum, doğum günümü heç vaxt qeyd etməmişəm, ancaq ailə üzvlərimlə qeyd etmişəm. Hesab edirəm ki, bugünkü gün istisna deyil, yenə də ailə üzvlərimlə birlikdə qeyd edirəm.

Əlli yaşım olanda Ağcabədidə məcburi köçkünlərlə bir yerdə idim və onlara demişdim ki, gün gələcək, siz məni öz doğma diyarınızda qəbul edəcəksiniz, qarşılayacaqsınız, mən sizin diyarınıza qonaq gələcəyəm və o gün gəldi. O gündən doqquz il sonra biz artıq Şuşada idik, bayrağımız da Şuşada dalğalanırdı. Altmış yaşımı Cıdır düzündə qeyd etmişəm, ondan əvvəl azad edilmiş Hadrutda hərbi hissənin açılışında iştirak etmişəm. Bu il dekabrın 24-ü üçün əlbəttə ki, bəzi fikirlərim var idi. Bu da bir rəmzi məna daşımalı idi. Hesab etdim ki, ən düzgün tədbir, bax, bizim bugünkü tədbirimiz olmalıdır.

Bir şeyi də deməliyəm. Qarabağ torpaqları işğal altında olanda illər keçdikcə cəmiyyətdə və ilk növbədə, məcburi köçkünlər arasında müəyyən bədbinlik əhvali-ruhiyyəsi yayılırdı, yəni, artıq bunun təzahürləri görünməkdə idi. Mənim köçkünlərlə onlarca görüşlərim olub və son illər görürdüm ki, onların ümidləri tükənir və bu təbiidir, mən bunu təbii qəbul edirdim. Təbii ki, onlara deyə bilməzdim ki, nə vaxt, necə və nə olacaq. Çalışırdım onları inandırım ki, gün gələcək. Ancaq o təbii idi, çünki otuz ilin həsrəti istər-istəməz hər bir insana mənfi təsir göstərmişdir. Ancaq bu gün biz artıq iki ildir ki, müzəffər xalq kimi yaşayırıq. Bu gün bir daha demək istəyirəm, əsas məsələ ondadır ki, biz gərək inamımızı itirməyək. Biz inanırdıq ki, qayıdacağıq, mən bir gün də o inamı itirməmişdim, inanmalıyıq və bu müqəddəs günü yaxınlaşdırmaq üçün iş görməliyik, fəaliyyətdə olmalıyıq. Onda istədiyimizə nail olacağıq.

İşğal dövründə hətta bir çox hallarda məndə də artıq belə bir fikir formalaşmışdı ki, dünyada ədalət yoxdur. Əminəm ki, Azərbaycan xalqının mütləq əksəriyyəti bu fikrə şərik idi. Çünki bu dərəcədə ədalətsizliyi təsəvvür etmək çətin idi. Yəni, biz haqlı ola-ola bizə qarşı bu qədər ədalətsizliyin göstərilməsi heç bir çərçivəyə sığmırdı. Ancaq inam və ədalətə inam insanların öz əllərindədir. Biz ədaləti öz gücümüzlə, şəhidlərimizin qanı-canı bahasına, qazilərimizin fədakarlığı, bütün xalqımızın, Ordumuzun birliyi sayəsində qazanmışıq, ədaləti bərpa etmişik, dünya miqyasında fövqəladə bir nümunə göstərmişik. Həm bizim hərbi əməliyyatımız bu gün dünyanın aparıcı ali hərbi məktəblərində öyrənilir, həm də xalqımızın iradəsi, əzmkarlığı, əyilməz ruhu dillər əzbəri olubdur.

İkinci Qarabağ müharibəsindən keçən bu iki ildən bir qədər çox vaxt ərzində mənim xarici həmkarlarımla çoxlu görüşlərim olub və deyə bilərəm ki, onların mütləq əksəriyyəti soruşurdu, bu necə oldu, siz bu Qələbəyə necə nail oldunuz? Mən də deyirdim ki, bunu izah etmək üçün gərək siz bizim həyatımızı yaşayasınız, bu otuz ili yaşayasınız. Mən bunu necə təsvir edə bilərəm? İnam, birlik, ədalətə inam, gücünə inam! Ona görə, bu tarixi Zəfəri qazanmış xalq kimi biz dünya miqyasında doğrudan da tamamilə yeni bir vəziyyət yaratdıq. İnamını itirmiş xalqlar da bu gün inanırlar, bizə oxşamaq istəyirlər, bizim kimi hərəkət etmək istəyirlər, bizimlə məsləhətləşirlər.

Ona görə bu gün burada sizinlə bərabər 24 dekabr gününü qeyd edərkən mən bir daha demək istəyirəm ki, biz də, Qərbi azərbaycanlılar da heç vaxt inamı itirməməliyik. İnanmalıyıq və eyni zamanda, addımlar atmalıyıq, fəal olmalıyıq, işləməliyik. Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik və bu günü xatırlayacağıq. Sağ olun.

Mission News Theme by Compete Themes.