Son yeniləmə: 24 Dekabr 2022 10:58
Məcid Cavadi: Əminik ki, Qarabağ məsələsi kimi Güney Azərbaycan məsələsi də məhz cənab Prezident İlham Əliyevin müdrikliyi sayəsində öz həllini tapacaq
BAYRAQDAR MEDİA – “24 dekabr cənab Prezident İlham Əliyevin doğum günüdür. Mən cənab Prezidenti bu gün münasibətilə təbrik edirəm. Azərbaycan xalqı xoşbəxtdir ki, onun cənab İlham Əliyev kimi Prezidenti, lideri var”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Milli Dirəniş Təşkilatının Türkiyə təmsilçisi, eyni zamanda Mərkəzi Şura üzvü olan Məcid Cavadi deyib.
O, qeyd edib ki, cənab İlham Əliyevin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb: “Cənab Prezident İlham Əliyev Azərbaycan xalqının uzun müddətdən sonra millətimiz və vətənimiz adına böyük uğurlara imza atmış bir Müzəffər Ali Baş Komandanı kimi Azərbaycan tarixində öz yerini almışdır. Yüz illər sonra ilk dəfə məhz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan savaşdan torpaq itirmədən və torpaq qazanaraq ayrılıb. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə iki il öncə 44 günlük Vətən müharibəsindən torpaq itirmədən, əksinə, işğal altındakı torpaqlarını işğaldan azad edərək və düşməni darmadağın edərək qalib ayrıldı. Mən həmin müqəddəs savaşda şəhid olanlara rəhmət, qazilərə isə can sağlığı arzulayıram”.
Məcid Cavadi bildirib ki, cənab İlham Əliyev artıq ikinci ildir ki, növbəti doğum gününü qalib ölkənin rəhbəri, dünya düzənində hörmət və rəğbətlə qarşılanan bir dövlət başçısı kimi qeyd edir: “Bu gün dünya düzənində xüsusi hörmətə malik olan cənab İlham Əliyev Güney Azərbaycan məsələsinə də çox həssas və diqqətlə yanaşır. Ən ali kürsülərdə, beynəlxalq tədbirlərdə Güney Azərbaycan türklərinin problemlərini dilə gətirən, bizlərin haqlarını müdafiə edən cənab İlham Əliyev bununla da dünyadakı bütün azərbaycanlıların, o cümlədən Güney Azərbaycan türklərinin də prezidenti olduğunu qətiyyətlə nümayiş etdirir. Biz Güney Azərbaycanlılar da cənab Prezident İlham Əliyevin bu qətiyyətindən güc alaraq öz haqlı mübarizəmizi daha inamla davam etdiririk. Əminik ki, Qarabağ məsələsi kimi Güney Azərbaycan məsələsi də məhz cənab Prezident İlham Əliyevin müdrikliyi sayəsində öz həllini tapacaq. Bir daha həm öz adımdan, həm də Güney Azərbaycanlı dostlarım adından cənab İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edirəm”.