BAYRAQDAR MEDİA – Xorvatiyanın paytaxtı Zaqrebdə Türk Ədəbiyyatı Adlar Lüğətinin (TEİS) ilk beynəlxalq təqdimatı keçirilib.
Məlumata görə, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Hoca Əhməd Yəsəvi Beynəlxalq Türk-Qazax Universiteti tərəfindən hazırlanan 20 cildlik TEİS Türkiyənin Zaqrebdəki səfirliyinin tabeliyindəki Yunus Emre İnstitutunda təqdim olunub.
Türkiyənin Zaqrebdəki səfiri Yavuz Selim Kıran mərasimdəki çıxışında kitabın hazırlanması tarixindən bəhs edib. O, layihənin necə başladığını bilən bir insan kimi sərf edilən səylərə şəxsən şahid olduğunu ifadə edib. Y.S.Kıran, Cümhurbaşqanı Recep Tayyip Erdoğanın göstərişinə əsasən, Əhməd Yəsəvi Universitetinin öncüllüyündə Dr. Muhittin Şimşəkin qətiyyəti ilə qalıcı və mənalı bir əsərin ortaya qoyulduğunu açıqlayıb.
O, həmçinin Türkiyə və Qazaxıstanın həyata keçirdikləri çox nadir bir layihə olan Ahmet Yəsəvi Universitetinin qısa müddətdə yalnız iki ölkə ilə məhdudlaşmadığını, Türk Dövlətləri Təşkilatına üzv dövlətləri bir araya gətirən mühüm bir halqaya çevrildiyini ifadə edib.
Türk dilinin qədim olduğunu və türk mədəniyyətində məlumat yazma ənənəsinin VII əsrə aid olduğunu vurğulayan Dr. Muhittin Şimşək isə ensiklopediya araşdırmalarına da önəm verildiyini, TEİS layihəsi çərçivəsində 1500 akademikin bir araya gəldiyini bildirib.
O, 9 illik iş nəticəsində Anadolu, Balkanlar, Qafqaz və Orta Doğudan 15 min yazıçı, şair, romançı və hekayəçinin bioqrafik məlumatlarını ehtiva edən rəqəmsal lüğətin meydana gəldiyini və bu lüğətin Cümhurbaşqanı R.T.Erdoğanın təlimatı ilə nəşr olunduğunu deyib.
Tədbirdə Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov da iştirak edib.