Son yeniləmə: 23 Dekabr 2022 12:23
BAYRAQDAR MEDİA – Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sorğular, sahəvi görüşlər və daxil olan müraciətlərin təhlili əsasında sahibkarların ehtiyaclarını və təkliflərini öyrənir. Agentliyin təşkilatçılığı və müvafiq dövlət qurumlarının iştirakı ilə Abşeron, Qax, Ağdam və İsmayıllıda sahibkarlarla görüşlər keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya KOBİA-dan bildirilib.
Qeyd edilib ki, Abşeron rayonunda ictimai-iaşə və xidmət sahəsində fəaliyyət göstərən sahibkarlarla keçirilmiş görüşdə onların qarşılaşdıqları çətinliklər və həlli yolları, maliyyə resurslarına çıxış, yeni biznesin qurulmasına dəstək və digər məsələlər müzakirə olunub: “İsmayıllı rayonunun Qalınçaq kəndində əkinçilik sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin çətinliklərinin öyrənilməsi məqsədilə keçirilmiş görüşdə fermerlərə aqrar sahəyə dövlət dəstəyi mexanizmləri, bu sahədə yeniliklər barədə məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb. Qax şəhərində isə turizm sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə görüş keçirilib. 30-dan çox sahibkarın iştirak etdiyi görüşdə dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində biznes subyektlərinin çətinlikləri və ehtiyacları dinlənilib, onlar müvafiq sahədə qanunvericilik və dəstək mexanizmləri barədə məlumatlandırılıb”.
Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadın sahibkarın çətinliklərinin öyrənilməsi məqsədilə Ağdam rayonunda təşkil olunmuş görüşdə 20-yə yaxın sahibkarlıq subyekti iştirak edib: “Aidiyyəti qurumların, o cümlədən İqtisadiyyat Nazirliyinin Yuxarı Qarabağ regional bölməsinin iştirakı ilə keçirilmiş görüşdə qadın sahibkarların inkişafı üçün müvafiq təlimlərə cəlb olunması, biznes subyektlərinin heyvandarlıq təsərrüfatının genişləndirilməsi üçün güzəştli kreditlərdən yararlanması, subsidiyaların alınması, aqrar sığorta və sahibkarların digər ehtiyaclarına dair müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb”.