Cavid Aydın: Bu gün bütün dünya azərbaycanlılarının ürəyi aksiya iştirakçıları ilə birgə döyünür
BAYRAQDAR MEDIA – Artıq 12-ci gündür ki, Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti və media təmsilçisi Ermənistandan Xankəndinə gələn Laçın yolunda etiraz aksiyası keçirir. Aksiyaya dəstək isə hər keçən gün daha da artır. Hesab edirəm ki, bu da təbiidir. Çünki aksiya iştirakçıları ümumilikdə Azərbaycan xalqının tələblərini dilə gətirirlər”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın deyib.
O, qeyd edib ki, bütün dünya bir daha bu aksiyanın iştirakçılarının timsalında Azərbaycan xalqının əzmkarlığının, milli maraqların müdafiəsində yumruq kimi birləşmək əzminin şahidi oldu: “Bu bizə qürur verir. Biz də Eskişehir Azərbaycanlılar Dərnəyi olaraq bu aksiya iştirakçılarını, onların haqlı tələblərini dəstəkləyirik. Bütün dünya bir daha bildi ki, Azərbaycan xalqı öz torpaqları uğrunda mübarizə aparmağa hazır və qadirdir”.
C.Aydın qeyd edib ki, əslində, bu aksiyanı 44 günlük Vətən müharibəsindəki qələbənin davamı kimi də qiymətləndirmək olar: “Həmin 44 günlük müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu müharibə meydanında necə şücaət göstərdisə, bu gün də Azərbaycanın vətəndaş cəmiyyəti və media təmsilçiləri soyuq, şaxtalı havaya baxmayaraq milli maraqlarımızn müdafiəsi naminə mübarizə əzmi nümayiş etdirirlər. Bu aksiya Azərbaycan xalqının dövlətin, Prezidentin və Ordunun yanında olmasının daha bir bariz nümunəsidir. Bunu hər kəs, o cümlədən Ermənistan və onun cinayətkar əməllərinə dəstək olan, yaxud da bu ölkəni yeni müharibələrə şirnikləşdirən yaxın, uzaq ölkələr yaxşı bilməlidirılər. Bir daha bu aksiyanı dəstəklədiyimizi bəyan edir və bildirirəm ki, bu gün bütün dünya azərbaycanlılarının ürəyi aksiya iştirakçıları ilə birgə döyünür”.