BAYRAQDAR MEDİA – Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi Göygöl rayonunun Mollacəlilli kəndi ərazisindəki Qaraağac kəhrizini bərpa edərək yerli icmanın istifadəsinə verib. Proses Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində reallaşıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Nümayəndəlikdən bildirilib.
Qeyd edilib ki, bərpa edilmiş kəhrizin suyundan ümumi sayı 2500 nəfər olan kənd əhalisi suvarma üçün istifadə edəcək: “Həmin layihə çərçivəsində BMqT-nin Azərbaycan nümayəndəliyi indiyədək Ağdam, Goranboy, Füzuli, Göygöl və Qazax rayonları ərazisində 22 kəhrizi bərpa edərək yerli icmaların istifadəsinə verib. Layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan kəhrizlərin bərpası vasitəsilə region əhalisini təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır”.
Vurğulanıb ki, məqsəd Azərbaycanda kənd təsərrüfatı icmalarının enerjisiz su təchizatını təmin etməklə kənd təsərrüfatı məhsuldarlığını və yaşayış imkanlarını artırmaqla məcburi iqtisadi miqrasiyanın qarşısının alınmasına töhfə verməkdir: “Layihə kəhrizlərin bərpası ilə yanaşı, gender, idarəetmə və ətraf mühitin davamlılığı kimi məsələlərə xüsusi diqqət yetirərək icma tərəfindən idarə olunan yanaşmanı tətbiq edir”.