Son yeniləmə: 23 Dekabr 2022 16:45
BAYRAQDAR MEDİA – Bosniya və Herseqovina Silahlı Qüvvələrindən (OSBiH) 17 əsgər türkcə təkamülü və türkcə əsas kurs təhsilini uğurla başa vuraraq sertifikat almağa haqq qazanıb.
Məlumata əsasən, paytaxt Sarayevodakı Rajlovac kazarmasında keçirilən təltifetmə mərasimində Türkiyənin Sarayevodakı səfirliyinin hərbi attaşesi polkovnik Mustafa Sıtkı Tatar, həmçinin Bosniya və Herseqovinada xidmət edən Türkiyə Silahlı Qüvvələrinin (TSK) hərbçiləri iştirak ediblər. Tədbirdə eyni zamanda Avropa Birliyi Sülhməramlı Qüvvələri (EFOR) və NATO nəzdində Bosniya və Herseqovinada görəvdə olan TSK təmsilçiləri, o cümlədən Türkiyənin qurum və təşkilatlarının nümayəndələri, OSBiH rəsmiləri və kursantlar iştirak edib.
Hərbi attaşe M.S.Tatar çıxışında kursların açılmasında göstərdikləri dəstəyə görə Bosniya-Herseqovina Müdafiə Nazirliyinə və Baş Qərargahına təşəkkür edib və türkcə kurslarına marağın artmasından məmnunluğunu ifadə edib.
OSBIH Peşəkar İnkişaf Mərkəzinin komandiri polkovnik Hazrudin Hasagic də rəhbərlik etdiyi mərkəzin məqsədinin əsgərlərin daha keyfiyyətli təhsil alması üçün lazımi şəraiti təmin etmək olduğunu bildirərək, mərkəzin şəraitini daha da yaxşılaşdırdıqlarını qeyd edib.
Burada aldıqları təhsilin Bosniya və Herseqovinadan olan əsgərlərə Türkiyədə təhsil almaq üçün qapı açdığını ifadə edən H.Hasagic, “Bu gün aldığınız sertifikatlar təhsilinizin sonu deyil, başlanğıcı olmalıdır. Biz kömək etmək üçün buradayıq” deyib.
Çıxışlardan sonra kursantlara sertifikatlar təqdim olunub, ən yüksək nəticə göstərənlərə isə müxtəlif hədiyyələr verilib.