Press "Enter" to skip to content

Bakı-Quba yolu yenidənqurmadan sonra istifadəyə verilib – VİDEO

AAYDA rəhbərliyi açılışda

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba-Bakı istiqamətində deformasiyaya uğramış hissəsinin yenidən qurulması işlərinin böyük hissəsi yekunlaşıb. Artıq sözügedən yolun yenidən qurulan hissəsi bu gün sürücülərin istifadəsinə verilib.

Xəbəri dekabrın 23-də AAYDA yayıb.

Magistral yolun yenidən qurulan hissəsinin istifadəyə verilməsi mərasimində AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədov, İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev, Agentliyin Aparatı rəhbəri İlqar Əhmədov və digər vəzifəli şəxslər iştirak edib.

“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı öncəsi vətəndaşların və turistlərin adıçəkilən yoldan təhlükəsiz şəkildə istifadə etməsi, rahat gediş-gəlişin təmin olunması üçün yol boyu qısa zamanda genişmiqyaslı işlər icra olunub.

“Aparılan işlər zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri, yararsız monolit-beton dağıdılaraq ərazidən kənarlaşdırılıb, yol əsasının yararsız qruntu çıxarılıb. Qazıntı işləri ərazidən asılı olaraq 2.5 metrə qədər dərinlikdə icra olunub.

“Daha sonra qazılmış əraziyə yararlı qruntun tökülməsi və xüsusi texnikalardan istifadə olunmaqla kipləşdirmə işləri görülüb, yeni yol yatağı, yeni yol əsasının tikintisi aparılıb. Kipləşdirmə dərəcəsini yoxlamaq məqsədi ilə ərazidən xüsusi texnikanın köməkliyi ilə nümunələr götürülərək, laborator şəraitdə yoxlanılıb. Kipləşdirmə əmsalına uyğun tikinti ərazisində yenidənqurma işləri görülüb.

“Sadalanan işlər yekunlaşdıqdan sonra “İnşaat Norma və Qaydaları”na əsasən yola lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.

“Yüksək keyfiyyətlə və qısa müddət ərzində aparılan genişmiqyaslı yenidənqurma işlərinin təyin olunmuş vaxtda yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

“Görülən işlərə paralel yenidən qurulması yekunlaşan hissə üzrə yol nişanları, məlumatverici lövhələr, siqnal dirəklərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərin çəkilməsi işləri də yerinə yetirilib.

“Hazırda magistral yolun kiçik bir hissəsində yenidənqurma işləri davam etdirilir ki, bu işlərin də yaxın günlər ərzində tam yekunlaşdırılması planlaşdırılır.

“Qeyd edilən yenidənqurma işlərinin aparılması ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun sözügedən hissəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə maneə yaradan problemlər tam olaraq aradan qaldırılır”, – deyə xəbərdə bildirilir.

Əlavə edək ki, ümumi uzunluğu təxminən 70 km olmaqla yenidən qurulan yol kəsiminin 10 km-ə qədərində işlər hələ tam başa çatmayıb.

Mission News Theme by Compete Themes.