Press "Enter" to skip to content

Aksiyaya növbəti dəstək Texasdan gəlib

Son yeniləmə: 23 Dekabr 2022 14:59

BAYRAQDAR MEDİA – ABŞ-ın Texas ştatında fəaliyyət göstərən Amerika-Azərbaycan İnteqrasiya Mərkəzinin üzvləri Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda azərbaycanlı ekofəalların keçirdiyi etiraz aksiyasını dəstəklədiklərini bəyan ediblər.

Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 23-də Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata görə, Amerika-Azərbaycan İnteqrasiya Mərkəzinin adından UNESCO-nun Nyu-Yorkdakı nümayəndəliyinin rəhbəri Eliot Minxenberqə və Texas ştatının konqresmeni Troy Nelsə ünvanlanan müraciətdə bildirilib ki, Azərbaycan icmasının üzvləri yaranmış vəziyyətdən dərin narahatlıq keçirirlər: “Otuz ilə yaxın dövrdə erməni silahlı qüvvələrinin Azərbaycanın suveren ərazilərini işğal etdiyini, Qarabağ bölgəsinin təbii sərvətlərini, suları, meşələri qeyri-qanuni və qəddarcasına sui-istifadə etməklə regionda əsl ekoloji terrorizm həyata keçirdiyi yada salınıb. 2020-ci ildən Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazisində yerləşən “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qeyri-qanuni istismarının indiyədək davam etdirildiyinə diqqət cəlb edilib. Yaranmış durumu “ekoterror aktı” adlandıran müraciət müəllifləri ermənilərin törətdikləri ekoloji terror aktlarını qətiyyətlə pislədiklərini bildirib, Şuşa-Xankəndi yolunda aksiya keçirən soydaşlarımızı dəstəklədiklərini vurğulayıb, azərbaycanlı ekofəalların təhlükəsizliyinin təmin olunmasını, “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden və digər yataqların istismarının araşdırılmasını tələb ediblər”.

Qeyd edilib ki, beynəlxalq təşkilatları Rusiya “sülhməramlılarının” müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarına və erməni ekoterrorizminə dərhal son qoyulması naminə beynəlxalq konvensiyalara uyğun olaraq hərəkətə keçməyə çağırıb, bu cür cinayət əməllərinin törədilməsinin qarşısını almaq üçün erməni cinayətkarlarının məsuliyyətə cəlb olunmasını tələb ediblər: “Bu məsələnin ictimailəşdirilməsinə dəstək göstərmək dünyanın ekosisteminə və bütövlükdə bəşəriyyətə qayğı ilə yanaşan hər kəs tərəfindən yüksək qiymətləndiriləcək”.

Mission News Theme by Compete Themes.