Son yeniləmə: 22 Dekabr 2022 12:20
BAYRAQDAR MEDİA – Elm və Təhsil Nazirliyinin təklifinə əsasən Nazirlər Kabinetinin müvafiq Qərarı ilə “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda əlavə və dəyişikliklər edilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 22-də Nazirlikdən məlumat verilib.
Bildirilib ki, qərara əsasən aşağıda qeyd edilmiş daha iki sosial baxımdan həssas əhali qrupuna aid kateqoriyadan olan tələbələr də Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına sosial təhsil tələbə krediti ala biləcəklər:
Ailə başçısını itirməyə görə əmək pensiyası alan tələbələr; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edərək “Müharibə veteranı” adı almış tələbələr.
Məlumata əsasən, qeyd edilən dəyişikliyə qədər mövcud qanunvericiliyə əsasən sosial təhsil tələbə kreditlərinin əhatə dairəsi aşağıdakı kimi idi: “Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri; Orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər; Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olanlar: Orqanizmin funksiyalarının 61-80 və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər; İşsiz kimi qeydiyyatda olanlar; Yaşa görə əmək pensiyası alanlar; Yaşa görə sosial müavinət alanlar”.
Məlumatda o da qeyd edilib ki, 2022-2023-cü tədris ilinin payız semestri üzrə təhsil tələbə krediti üçün müraciətlərin qəbulu prosesi davam edir. Təhsil krediti almaq istəyən tələbələr www.e-ttkf.edu.az üzərindən elektron müraciət edə bilərlər.