Press "Enter" to skip to content

“Şuşa İli”nə daha bir töhfə MEK-dən gəldi

Təqdimatdan görüntü

BAYRAQDAR MEDİA – Dekabrın 21-də AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, Dos. Şəhla Tahirqızının “Şuşada kitabxana və mətbuat” adlı məlumat kitabının təqdimatı keçirilib. Təqdimatda elm xadimləri, mətbuat nümayəndələri iştirak ediblər.

Xəbəri BAYRAQDAR MEDİA-ya MEK-dən veriblər.

Xəbərdə deyilir ki, MEK-in baş direktoru Prof. Məmməd Əliyev çıxış edərək Azərbaycanda 2022-ci “Şuşa İli”nə MEK-in töhfələrindən danışıb. Bildirilib ki, bu ilin çərçivəsində Şuşa şəhərinin tarixinin və mədəniyyətinin tədqiqi və təbliğinə kömək məqsədilə MEK-də “Şuşa ili – Zəfər salnaməsi” adlı metodik vəsait, “Şuşa-270” adlı biblioqrafik göstərici çap olunub, eləcə də kitabxana əməkdaşları beynəlxalq konfranslarda öz məqalələri ilə çıxış ediblər.

“İcraçı direktor Şəhla Tahirqızı öz imzasını ataraq çox dəyərli bir kitab ərsəyə gətirib. Tarixi-mədəni əhəmiyyətə və Azərbaycan xalqı üçün müstəsna dəyərə malik Şuşa şəhərinin tarixinin, mədəni həyatının öyrənilməsi zəruridir. Bu baxımdan təqdim olunan kitab tarixçilər, geniş oxucu kütləsi üçün əhəmiyyətli mənbəyə çevriləcək”, – deyə baş direktor vurğulayıb.

Tədbirdə iştirak edən AMEA-nın müxbir üzvü Misir Mərdanov, öz növbəsində, iştirakçıları qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, MEK-in rəhbərliyinə və kollektivinə uğurlar arzulayıb. Alim bu cür dəyərli kitabı yazmağın böyük zəhmətin bəhrəsi olduğunu bildirib, təqdim edilən mənbələri bir araya toplamağı bir qəhrəmanlıq adlandırıb. M.Mərdanov müəllifin bu kitabla “Şuşa İli”nə şəxsi töhfəsini verdiyini də qeyd edib və bu münasibətlə Şəhla Tahirqızını bir daha təbrik edərək ona gələcək yaradıcılığında uğurlar arzulayıb.

O da bildirilir ki, daha sonra Prof. İmaməddin Zəkiyev, t.ü.f.d. Yunis Hüseynov, “Şuşa” qəzetinin baş redaktoru Vasif Quliyev, Tarix İnstitutunun şöbə müdiri, t.ü.f.d., Dos. Hacı Həsənov, “Elm” nəşriyyatının baş direktoru, f.ü.f.d. Səbuhi Qəhrəmanov, BDU-nun baş müəllimi Əliyusif Məmmədov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru Məhəmməd Soltanoğlu, ADPU-nun dosenti Mübariz Ağalarlı, Əməkdar jurnalist Azər Həsrət, asia.az saytının təsisçisi və baş redaktoru Sübut Mehdiyev, bizimyol.info saytının baş redaktoru Bahəddin Həzi və digərləri çıxış edərək təqdim edilən kitabı elmi strateji məsələlər üçün əhəmiyyətli bir mənbə adlandırıblar. Qeyd edilib ki, Şuşada kitabxana işi və mətbuat tarixinin hər biri ayrılıqda geniş tədqiqat tələb edən mövzulardır. Əminliklə ifadə olunub ki, sözügedən monoqrafiya tədqiqatçıların masaüstü kitablarından olacaq.

Həmçinin, təqdimat zamanı Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İB-nin sədri Mehdi Mehdiyevin adından ölkə kitabxana sistemində ilk olan Qarabağ müharibəsi qəhrəmanları fondunun yaradılmasına görə MEK-in baş direktoru Prof. Məmməd Əliyev və “Zəfər tarixinin qəhrəmanları” layihəsi çərçivəsində icraçı direktor, Dos. Şəhla Tahirqızı Fəxri Diplomla təltif edilib.

Sonda kitabın müəllifi, Dos. Şəhla Tahirqızı çıxış edərək səslənən hər bir fikri yüksək dəyərləndirdiyini diqqətə çatdırıb və gələn qonaqlara öz minnətdarlığını bildirib.

Mission News Theme by Compete Themes.