Son yeniləmə: 22 Dekabr 2022 10:56
Vətəndaş məmnunluğunun artırılması, şəffaflığın təmin olunması Azərbaycanın Almaniyadakı səfirliyinin diqqət mərkəzindədir
BAYRAQDAR MEDİA – “Almaniya qərb ölkələri arasında ən çox Azərbaycan vətəndaşının yaşadığı ölkələrdəndir. Vətəndaşlara göstərilən konsulluq xidmətlərinin səviyyəsinin yüksəldilməsi, vətəndaş məmnunluğunun artırılması, şəffaflığın təmin olunması Azərbaycanın Almaniyadakı səfirliyinin diqqət mərkəzindədir. Bu sahədə cari ilin sentyabr ayından bəri aşağıdakı işlər görülüb”.
Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 22-də Azərbaycanın Almaniyadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, əvvəla sayt vasitəsilə konsulluq şöbəsi ilə görüş vaxtının təyin edilməsi tətbiq olunub: “Bu sistemin tətbiqi ilə Azərbaycan vətəndaşları, eləcə də digər müraciətçilər səfirliyin internet səhifəsinə (http://termin.botschaft-aserbaidschan.de) daxil olaraq, konsulluq şöbəsində rahat şəkildə görüş üçün vaxt təyin etmək imkanı əldə edirlər. Bundan başqa, Konsulluq şöbəsinə müraciət edən şəxslərin rahatlığının təmin olunması məqsədilə şöbədə POS-terminal quraşdırılıb. Bununla da konsulluq əməliyyatları rüsumları ilə bağlı ödənişləri etmək üçün vətəndaşların və digər müraciətçilərin artıq hər hansı banka getmələrinə ehtiyac yoxdur. Bu ödənişlər yerində POS-terminal vasitəsilə həyata keçirilə bilər”.
Məlumata əsasən, yeniliklər arasında üçüncü xüsusi telefon xəttinin quraşdırılması da var: “Vətəndaşların və digər müraciətçilərin telefon zənglərinin cavablandırılması işinin daha səmərəli təşkili üçün üçüncü xüsusi telefon xətti istifadəyə verilib. Bununla, eyni vaxtda üç konsulluq əməkdaşı daxil olan çoxsaylı telefon müraciətlərini cavablandırır. Həmçinin, Quraşdırılmış növbə avadanlığı vasitəsilə konsulluq şöbəsinin qəbul otağına daxil olan şəxslərə girişdə nömrə əldə etməklə növbə tutmaq imkanı verilir”.
Məlumatda bildirilib ki, Konsulluq şöbəsinin qəbul otağı əsaslı şəkildə təmir olunub: “Burada paytaxt Bakı şəhərinin, habelə 44-günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuz tərəfindən azad edilən mədəniyyət paytaxtımız Şuşanın əsrarəngiz gözəlliyini əks etdirən şəkillər asılıb. Azərbaycanın Almaniyadakı səfirliyi konsulluq şöbəsinin işinin təkmilləşdirilməsi istiqamətindəki fəaliyyətini davam etdirir”.