Press "Enter" to skip to content

Güney Azərbaycandan Xankəndi-Laçın yolundakı aksiyaya daha bir dəstək

Mahmud Bilgin

Son yeniləmə: 22 Dekabr 2022 12:50

Mahmud Bilgin: Bütün dünya bilsin ki, Güney Azərbaycan türkləri bu haqlı mübarizədə də Quzeyli bacı-qardaşlarının yanındadır

BAYRAQDAR MEDİA – “Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti və media təmsilçisinin Xankəndi-Laçın yolunda keçirdiyi dinc etiraz aksiyası tamamilə başadüşüləndir. Çünki kimsəyə sirr deyil ki, həmin yoldan Xankəndidə və ətrafında olan erməni terrorçularına yardımlar edilir. Lakin bu da son deyil. Bəlli olduğu kimi, Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altındakı Azərbaycan ərazilərində təbii yataqlar qanunsuz olaraq talan edilir, oradan çıxarılan qızıl və digər qiymətli materiallar Ermənistana və xaricə göndərilir. Özü də bu zaman erməni terrorçular tərəfindən ərazidə ekoloji terror törədilir. Təbii ki, Azərbaycan xalqı bununla barışa bilməzdi və dünya həmin aksiyanı ümumilikdə xalqın etirazı kimi qəbul etməlidir”.

Bunu Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti və media təmsilçisinin Ermənistandan Xankəndinə gələn Laçın yolunda etiraz aksiyasına münasibət bildirən Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin deyib.

Onun sözlərinə görə, artıq 11-ci gününə qədəm qoyan aksiya içtirakçıları bu cəsarətli addımları ilə dünyanın diqqətini yenidən regiona yönəltdilər: “Bu aksiya vasitəsilə 2020-ci il 10 noyabr tarixində imzalanan üçtərəfli Bəyanatın tələblərinin Ermənistan tərəfindən yerinə yetirilmədiyi bütün dünyaya bəyan edildi. Bu, Azərbaycan xalqının öz milli maraqları naminə yumruq kimi bir olmaq qabiliyyətinin bir daha dünyaya nümayiş etdirilməsidir. Bu, Azərbaycan gənclərinin öz dövlətinə sadiqliyinin nümayişidir”.

M.Bilgin vurğulayıb ki, bu gün erməni terrorçularının həmin ərazilərdəki cinayətkar əməllərinə Rusiya və İranın da dəstəyi var: “Rusiya sülhməramlıları ərazidəki talançılıq və ekoloji terrorun törədilməsində ermənilərə dəstək olur. İran isə erməni bölücü və terrorçularına silah, raketlər göndərir. Lakin onların bütün cəhdləri əbəsdir. Bütün dünya bilsin ki, Güney Azərbaycan türkləri bu haqlı mübarizədə də Quzeyli bacı-qardaşlarının yanındadır. Biz onların haqq savaşını dəstəkləyirik. Əminik ki, 44 günlük Vətən müharibəsində olduğu kimi bu dəfə də Azərbaycan xalqı qalib gələcək. Aksiya iştirakçılaırnın haqlı tələbi nəhayət ki, yerinə yetiriləcək”.

Mission News Theme by Compete Themes.