Son yeniləmə: 22 Dekabr 2022 09:34
Yeganə Hacıyeva: Dekabrın 19-da yekunlaşmış qısa müddətli missiyanın yenidən, uzun müddətli missiyaya çevirməklə davam etdirilməsi qərarı AB-nin tək tərəfli qaydada verdiyi qərardır
BAYRAQDAR MEDİA – “Bəlli olduğu kimi, ötən həftə Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin görüşünün yekunları üzrə keçirilən brifinqdə Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell mülki missiyanın aqibəti ilə bağlı sualları cavablandırdı. O, bildirdi ki, missiya həm Ermənistan, həm də Azərbaycanla razılaşmalara uyğun olaraq dekabrın 19-da öz işini başa çatdıracaq. C.Borrell həm də onu qeyd etdi ki, AB Ermənistan və Azərbaycan arasında dialoqda vasitəçi kimi nüfuzunu qorumaq üçün 2023-cü ildə mümkün mülki missiyaları müzakirə etmək məqsədilə Ermənistana nümayəndələr qrupu göndərəcək”.
Bunu AB-nin Lüksemburqda yeni missiya formalaşdırmaq və ona əlavə mandat vermək qərarını BAYRAQDAR MEDİA üçün dəyərləndirən politoloq Yeganə Hacıyeva deyib.
O, qeyd edib ki, son iki ay ərzində açıq mənbələrin heç birində bu missiyanın hesabatı dərc olunmayıb: “Ancaq erməni tərəfi mülki missiyanın effektivliyini yüksək qiymətləndirən mesajlar verib. Onu da deyim ki, AB-nin Ermənistana qısamüddətli mülki missiya göndərməsi qərarı Praqada birgə görüşdə razılaşma nəticəsində həyata keçmişdi. Mülki missiyanın təyinatı həm də Ermənistan Azərbaycanla sərhəddə vəziyyəti manitorinq etməklə paralel delimitasiya prosesində Ermənistana yardım missiyasını daşıyırdı. AB-nin qısa müddətli missiyasının fəaliyyəti Azərbaycan tərəfinin razılığı ilə bölgədə baş tutmuşdu. Lakin dekabrın 19-da yekunlaşmış qısa müddətli missiyanın yenidən, uzun müddətli missiyaya çevirməklə davam etdirilməsi qərarı AB-nın tək tərəfli qaydada verdiyi qərardır və bu qərar Azərbaycanla razılaşdırılmayıb”.
Politoloqun sözlərinə görə, bunu belə izah edə bilərik ki, Avropa Birliyinə Azərbaycanın bu mövzuda mövqeyi bəlli idi və o üzdən də qərar təktərəfli qaydada, Azərbaycanın iştirakı olmadan verilib: “Azərbaycan Ermənistanın təxribatlar vasitəsi ilə sərhəddə vəziyyəti gərginləşdirmək, bundan istifadə edərək regiona kənar qüvvələrin mülki missiya adı altında daxil olması təşəbbüslərini faydalı hesab etmir. Kənar qüvvələr qismində, məsələn, Fransa bu eskalasiyaları regiona ayaq açmaq və öz hərbi kontingentini bu ərazidə yerləşdirmək üçün fürsət kimi qiymətləndirir”.
Y.Hacıyeva daha sonra, “C.Borrelin məlum bəyanatı həm də yeni missiyanın sərhəd nəzarəti ilə paralel bu günə kimi ənənəvi olaraq Rusiya ilə əməkdaşlıq edən Ermənistanın təhlükəsizlik məsələlərini də əhatə edəcəyi mesajını verir. Hesab edirəm ki, yekunlaşmış mülki missiyanın səlahiyyətlərini genişləndirməklə, müddətini uzatmaqla bağlı tək tərəfli qaydada verilən qərar AB ilə qarşılıqlı münasibətlərdə diplomatik etimadın zədələnməsi kimi dəyərləndirilə bilər” deyib.