Press "Enter" to skip to content

45-ci iclasda Ermənistanın cinayətlərindən bəhs edilib

Son yeniləmə: 22 Dekabr 2022 09:21

BAYRAQDAR MEDİA – Dekabrın 21-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının video-konfrans formatında 45-ci iclası keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, QDİƏT-in Fəaliyyətdə olan sədri, Moldovanın xarici işləri Nikolae Popeskunun sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev iştirak edib: “İclasda çıxış edən nazir müavini Fariz Rzayev tədbir iştirakçılarına Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işləri, Azərbaycan tərəfindən regionda sülhün təmin edilməsi istiqamətində səylər, işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verib. O, işğaldan azad olunmuş ərazilərdə mina təhlükəsi, Ermənistan istehsalı olan minaların Laçın dəhlizindən istifadə etməklə Azərbaycan ərazisinə keçirilməsi, regional təhlükəsizlik və digər məsələlərə dair Azərbaycanın mövqeyini iştirakçıların diqqətinə çatdırıb”.

Məlumata görə, Azərbaycanın QDİƏT-in Mədəniyyət, İnformasiya və Kommunikasiya Texnologiyaları, İnstitusional İslahatlar və Yaxşı İdarəçilik, eləcə də Kiçik və Orta Müəssisələr üzrə İşçi Qruplarında əlaqələndirici-ölkə rolunu həyata keçirdiyi qeyd edilib. Ölkəmizin eyni zamanda, 2023-cü il yanvarın 1-dən etibarən 2 il müddətinə (2023-2024) QDİƏT-in Turizm üzrə Əməkdaşlığa dair İşçi Qrupunda əlaqələndirici-ölkə rolunda çıxış edəcəyi diqqətə çatdırılıb.

İclasın yekununda protokol və bir sıra vacib qərarlar qəbul olunub və sədrlik Serbiyaya təhvil verilib.

Mission News Theme by Compete Themes.