Son yeniləmə: 21 Dekabr 2022 10:29
BAYRAQDAR MEDİA – Dekabrın 20-də Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM-ın xarici işlər nazirləri Şurasının videokonfrans formatında 40-cı iclası keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, GUAM-ın fəaliyyətdə olan Sədri, Moldovanın xarici işlər naziri Nikolae Popeskunun sədrliyi ilə keçirilən iclasda Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov da iştirak edib.
İclasda, Gürcüstanı xarici işlər naziri İlia Darçiaşvili, Ukraynanı xarici işlər naziri Dmitri Kuleba təmsil edib. İclasda çıxış edən E.Məmmədov GUAM çərçivəsində nəqliyyat, kommunikasiya, ticarət sahəsində həyata keçirilən layihələrin əhəmiyyətindən, parlamentlərarası əməkdaşlıq platforması çərçivəsində əməkdaşlıq əlaqələrindən bəhs edib: “Nazir müavini tədbir iştirakçılarına Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işləri, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar barədə məlumat verib. Bununla yanaşı, Ermənistanın məlum üçtərəfli bəyanatlardan irəli gələn öhdəlikləri yerinə yetirməməsi və işğaldan azad olunmuş ərazilərdə mina təhlükəsi ilə bağlı ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılıb. Ermənistan istehsalı olan minaların Laçın dəhlizindən istifadə etməklə Azərbaycan ərazisinə keçirildiyi və hərbi təxribatların davam etdiyi xüsusi olaraq qeyd edilib”.
İclasın yekununda hazırkı iclasın protokolu və 2 qərar qəbul olunub, sədrlik Ukraynaya təhvil verilib.