Press "Enter" to skip to content

Bu ekoloji terror təkcə Azərbaycanı yox, bütün regionu təhdid edir

Ayaz Mirzəyev

Son yeniləmə: 21 Dekabr 2022 14:50

Ayaz Mirzəyev: Biz xarici siyasətçiləri, beynəlxalq təşkilatları məsələyə adekvat reaksiya verməyə, bu cür cinayət halları qarşısında susmamağa, daha həssas davranmağa çağırırıq

BAYRAQDAR MEDİA – “Torpaqlarımızda ekoterrora qarşı dinc etiraz aksiyasının keçirildiyi Laçın yolu humanitar məqsədlər üçün daim açıqdır və gediş-gəliş üçün heç bir maneə yoxdur. Etirazçılar ekoloji problemlərlə bağlı şüarlar səsləndirirlər və dinc şəkildə aksiyalarını davam etdirirlər. Biz də vətəndaş cəmiyyəti təmsilçisi olan dostlarımla bu aksiyaya qatıldıq. Aksiya iştirakçılarına dəstək olduq”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev bildirib.

O, “Eyni zamanda müşahidə edə bildik ki, Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə şərait yaradılır, nəqliyyat vasitələri maneəsiz şəkildə hərəkət edirlər. Həmçinin, Xankəndidən olan xəstənin Ermənistana Laçın-Xankəndi yolundan Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillərdə həkim və tibb bacısının müşayəti ilə maneəsiz keçməsini də gördük” deyib.

A.Mirzəyevin sözlərinə görə, bu, bir daha göstərir ki, yol humanitar məqsədlər üçün açıqdır: “Etirazçıların bəyan etdiyi kimi, bütün mülki ermənilərin, o cümlədən dinc ermənilərin – qocaların, qadınların və uşaqların keçidi üçün bərabər şərait yaradılıb. Təəssüflər olsun ki, Xankəndidəki bəzi müəmmalı karyerası olan qondarma şəxslər hələ də iddialarla çıxış edirlər ki, guya Azərbaycan tərəfi dinc əhaliyə qarşı humanitar böhran yaradır. Bunun təmamilə yanlış və saxta iddia olduğunu sadəcə Azərbaycan kanallarının yoldan həyata keçirilən fasiləsiz birbaşa yayımlarından da görmək mümkündür. Bu iddialar, əslində, onu göstərir ki, Xankəndidən çıxmaq istəyən ailə və ya şəxslərin qarşısını alan məhz oradakı özlərinə siyasətçi deyən qondarma şəxslərdir. Məhz onlar əhalini yoldan istifadə etməyə buraxmır, buraya gəlməsinə mane olur və bilərəkdən saxta məlumatlar yayırlar”.

Müsahibimiz onu da qeyd edib ki, etirazçıların əsas məqsədi Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisində ermənilər tərəfindən sərvətlərin talanmasına və ekoloji terrora son qoyulmasıdır: “Biz vətəndaş cəmiyyəti təmsilçiləri olaraq tələb edirik ki, Azərbaycana aid yataqların qanunsuz istismarı ilə bağlı monitorinq aparması üçün azərbaycanlı mütəxəssislər əraziyə buraxılsınlar. Çünki həmin ərazidə uzun illərdir davam edən ekoloji terror təkcə Azərbaycanı yox, bütün regionu təhdid edir. Biz xarici siyasətçiləri, beynəlxalq təşkilatları məsələyə uyğun reaksiya verməyə, bu cür cinayət halları qarşısında susmamağa, daha həssas davranmağa çağırırıq. Hesab edirəm ki, aksiya iştirakçılarının tələbləri yerinə yetirilənə qədər bu haqlı etirazlar davam edəcək”.

Mission News Theme by Compete Themes.