Səfər zamanı partiyalarda görüşlər olub, birgə mətbuat konfransı keçirilib
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, qardaş Türkiyənin hakim partiyası olan AK Parti sədrinin müavini Numan Kurtulmuş və Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbrəlik etdiyi nümayəndə heyətləri qardaş Kuzey Kıbrıs Türk Cümhuriyyətinə səfər edib.
Səfər çərçivəsində KKTC Ulusal Birlik Partiyasının (UBP) sədr müavini – baş katibi Oğuzhan Hasipoğlu, AK Parti sədrinin birinci müavini, İstanbul millət vəkili Numan Kurtulmuş və YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov birgə mətbuat konfransı keçirib.
Məlumata əsasən O.Hasipoğlu iqtidar partiyaları arasında üçtərəfli görüşün mühüm əhəmiyyətə malik olduğunu söyləyib. KKTC-nin Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi statusunda üzv qəbul edildiyini xatırladan Sədr müavini deyib ki, bu qərar türk dövlətlərinin hakim siyasi partiyaları arasında münasibətlərin inkişafına da stimul verir.
O.Hasipoğlu UBP-nin AK Parti və YAP ilə münasibətlərin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. O, bu səfərin yeni formatda, üçtərəfli əlaqələr müstəvisində əməkdaşlığa təkan verəcəyinə inamını ifadə edib.
AK Parti sədrinin birinci müavini, İstanbul millət vəkili Numan Kurtulmuş türk dünyasında çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyini diqqətə çatdırıb. O, TDT-nin IX Zirvə Görüşündə qəbul edilən qərarların türk dövlətləri arasında işbirliyinin genişləndirilməsinə əlverişli şərait yaratdığını söyləyib. Türk dövlətləri arasında münasibətlərin inkişafı kontekstində siyasi partiyalar arasında əlaqələrin gücləndirilməsindən bəhs edən AK Parti sədrinin birinci müavini üçtərəfli görüşün bu baxımdan önəmli olduğunu bildirib.
Numan Kurtulmuş AK Partinin YAP və UBP ilə münasibətləri uğurla inkişaf etdirdiyini vurğulayıb. Qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan N.Kurtulmuş üçtərəfli təmasların gələcək əməkdaşlıq üçün etibarlı zəmin yaratdığını söyləyib.
YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov türk dövlətləri arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu qeyd edib. O, deyib ki, 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazanan Azərbaycanın yaratdığı reallıqlar türk dövlətlərinin əməkdaşlığının dərinləşdirilməsi üçün yeni imkanlar formalaşdırıb. YAP sədrinin müavini bildirib ki, bu gün Türkiyə-Azərbaycan münasibətləri ilk növbədə hər iki ölkənin liderləri – cənab İlham Əliyevlə cənab Recep Tayyip Erdoğanın iradəsi və səyləri sayəsində uğurla inkişaf edir. O, əlavə edib ki, Azərbaycan, Türkiyə və KKTC xalqları arasında əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur.

T.Budaqov ötən il Əməkdaşlıq Protokolu imzalayan, qarşılıqlı səfərlər həyata keçirən və ortaq maraqlara əsaslanan birgə təşəbbüslər reallaşdıran YAP ilə AK Partinin münasibətlərinin nümunəvi xarakter daşıdığını və qarşıda duran hədəflərə çatmağa geniş imkanlar yaratdığını qeyd edib. O, iki partiya arasındakı münasibətlərin əsas və örnək götürülərək səmərəli üçtərəfli əlaqələrin inkişaf etdirilə biləcəyini söyləyib. YAP sədrinin müavini səfər çərçivəsində həyata keçirilən üçtərəfli görüşün partiyalar arasında münasibətlərin yol xəritəsini və gələcək birgə fəaliyyət imkanlarını müəyyən etmək üçün önəmli olduğunu söyləyib.
Daha sonra jurnalistlərin sualları cavablandırılıb.

Onu da qeyd edək ki, səfər zamanı bir sıra görüşlər və ziyarətlər də reallaşdırılıb. Bununla bağlı məlumatda qeyd edilir ki, qardaş Türkiyənin hakim partiyası olan AK Parti sədrinin müavini Numan Kurtulmuş və Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovu KKTC Baş naziri, Ulusal Birlik Pariyasının genel başqanı Ünal Üstel, Baç nazirin müavini turizm, mədəniyyət, gənclik və ətraf mühit naziri, Demokrat Partiyasının genel başqanı Fikri Ataoğlu və ictimai işlər və nəqliyyat naziri, Yenidən Doğuş Partiyasının genel başqanı Erhan Arıklı öz partiyalarında qəbul ediblər.
Türkiyənin hakim partiyası olan AK Parti sədrinin müavini Numan Kurtulmuş və Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, həmçinin nümayəndə heyətləri Gazimağusada Suriçi ve qapalı Maraşı da ziyarət edib.
Məlumata görə, nümayəndə heyətləri əvvəlcə Lale Mustafa Paşa məscidinə baxış keçiriblər.

Sonra qapalı Maraşa gedən heyətlərə girişdə məlumat verilib.
Qonaqlar daha sonra xalq çimərliyini, Bilal Ağa Məscidini və Pertev Paşa türbəsini ziyarət ediblər.
Nümayəndə heyətlərini Türkiyənin Lefkoşadakı səfiri Metin Feyzioğlu, KKTC Xarici İşlər Naziri Tahsin Ertuğruloğlu, Mağusa millət vəkili Oğuzhan Hasipoğlu və Gazimağusa Bələdiyyə Başçısı İsmail Arter müşayiət edib.
Qeyd edək ki, dekabrın 20-də YAP nümayəndə heyətinin KKTC-yə səfəri başa çatıb.