Press "Enter" to skip to content

Quzeyli bacı-qardaşlarımızın bu haqlı aksiyasını dəstəkləyirik

Dr. Elyar Makuyi

Son yeniləmə: 20 Dekabr 2022 15:26

Dr. Elyar Makuyi: Güney Azərbaycan Keçici Milli Məclisinin Təşkilat Komitəsi olaraq cənab Prezident İlham Əliyevin və Azərbaycan dövlətinin yanındayıq

BAYRAQDAR MEDİA – “Artıq 9-cu gündür ki, davam edən bu aksiyanın keçirilməsi heç də təsadüfi deyil. Orada Azərbaycanın qeyri-hökumət təşkilatlarının, həmçinin, medianın təmsilçiləri bütövlükdə xalqın tələbini səsləndirirlər. Onlar müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinin erməni terrorçuları və bölücüləri tərəfindən talan ediməsinə, orada ekoloji fəlakətin törədilməsinə son qoyulmasını tələb edirlər”.

Bunu Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti və media təmsilçisinin Ermənistandan Xankəndinə gələn Laçın yolunda keçirdiyi etiraz aksiyasına münasibət bildirən Güney Azırbaycan Keçici Milli Məclisi Təşkilat Komitəsinin üzvü Dr. Elyar Makuyi deyib.

BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında o, qeyd edib ki, ermənilərə bu cinayət əməllərini törətməkdə Rusiya sülhməramlıları da yardım edir: “Əslində, bunlar birlikdə addım atırlar. Onu da deyim ki, İran da bu cinayət əməllərinə dəstək verməkdədir. Bu cinayətkar əməllər həm Azərbaycan qanunlarının, həm də beynəlxalq hüququn kobudcasına pozulmasıdır və tezliklə buna son qoyulmalıdır”.

E.Makuyi qeyd edib ki, Güney Azərbaycan türkləri də bu etiraz aksiyasında Quzeydəki bacı-qardaşlarının yanındadır: “Biz də bu cinayətkar əməllərə tez bir zamanda son qoyulmasını tələb edirik. Bu gün qardaşlarımızın Şuşada, Laçında döyünən ürəyi Təbrizdə duyulmaqdadır. Çünki biz birik, eyni xalqıq, ona görə də hər sevincə sevindiyimiz kimi, hər acıya da kədərlənirik. Quzeydə bacı-qardaşlarımıza qarşı edilən hansısa bir haqsızlıq, bizə edilmiş kimidir”.

Müsahibimiz deyib ki, 44 günlük Vətən müharibəsində olduğu kimi, bu mübarizədə də qələbə Azərbaycan dövlətinin və xalqınındır: “İnşallah, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu mübarizədən də qalib ayrılacaq. Biz də Güney Azərbaycan Keçici Milli Məclisinin Təşkilat Komitəsi olaraq cənab Prezident İlham Əliyevin və Azərbaycan dövlətinin yanındayıq. Quzeyli-Güneyli, o taylı-bu taylı bütün mübarizələrə, savaşlara hazırıq. Necə deyərlər, cansa-can, qansa-qan, var olsun Azərbaycan”.

Mission News Theme by Compete Themes.