Son yeniləmə: 20 Dekabr 2022 10:58
BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Yadigarlar” silsiləsindən Xalq yazıçısı, görkəmli alim Əzizə Cəfərzadənin 101 illiyi ərəfəsində oğlu Turan İbrahimovla görüş keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 20-də MEK-dən məlumat verilib.
Bildirilib ki, tələbələrin üstünlük təşkil etdiyi görüşdə, MEK-in baş direktoru professor Məmməd Əliyev görkəmli yazıçı, ədəbiyyatşünas Əzizə Cəfərzadənin janr baxımdan rəngarəng əsərlərin müəllifi olduğunu, Azərbaycan filoloji fikrinin zənginləşməsinə və inkişafına ciddi töhfələr verdiyini vurğulayıb.
Qeyd olunub ki, Azərbaycanın tarixən çətin dövründə öz yaradıcılığı ilə bir-birindən maraqlı əsərlər
ərsəyə gətirən Ə.Cəfərzadə milli-mənəvi dəyərlərin qorunmasında yorulmadan fəaliyyət göstərib: Bu gün müstəqil və müasir Azərbaycanda Əzizə Cəfərzadənin əsərlərinə yeni prizmadan baxılır. Elmlə yazıçılıq vəhdət etdikdə bu cür dəyərli əsərlər ortaya çıxır. İnanıram ki, bu cür görüşlər davamlı olacaq. Azərbaycan ədəbi tarixində özünəməxsus yeri olan yazarlar MEK-in tərəfdaşlıq etdiyi beynəlxalq rəqəmsal platformalar vasitəsilə daha geniş auditoriyaya tanıdılacaq. Yazıçının nəşrləri mek.az saytında elektron versiyada yerləşdirilib”.
Sonra Xalq yazıçısının oğlu Turan İbrahimov anası ilə bağlı xatirələrini bölüşüb, görkəmli yazıçının həyatı, yaradıcılığı haqqında ətraflı məlumat verib. Həmçinin Əzizə Cəfarzadənin 100 illik yubileyi münasibəti ilə çap etdirdiyi, 12 cilddən ibarət “Seçilmiş əsərləri” və digər maraqlı kitablardan danışıb.