Son yeniləmə: 20 Dekabr 2022 16:52
BAYRAQDAR MEDİA – ASAN könüllülərinin 10 illiyi çərçivəsində “Könüllərin sədası” konsert proqramı təşkil olunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrn 20-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məlumata görə, tədbir “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramının və Azərbaycan Milli Konservatoriyasının birgə əməkdaşlığı ilə gerçəkləşib: “Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi iştirak ediblər. Öncə milli orkestr və xorun ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konsert proqramı milli musiqimizi təbliğ etmək, gənclərin yaradıcılıq axtarışlarını, nailiyyətlərini dəstəkləmək, peşəkarlarla bir səhnəni bölüşərək bacarıqlarını inkişaf etdirmələrinə şərait yaratmaq məqsədilə həyata keçirilib”.
Qeyd edilib ki, proqram mədəniyyətin müxtəlif sahələri üzrə peşəkarların və istedadlı ASAN könüllülərinin iştirakı ilə gerçəkləşib: “Tədbir müddətində xalqımızın yaradıcılıq istedadını əks etdirən musiqi nümunələri, muğam və xalq mahnıları, könüllülərin və sənətkarların birlikdə ifaları nümayiş olunub”.