Press "Enter" to skip to content

İkitərəfli və çoxtərəfli əməkdaşlıq müzakirə edilib

Görüş zamanı

BAYRAQDAR MEDİA – Dekabrın 19-da xarici işlər naziri Ceyhun Bayramov Meksika Birləşmiş Ştatlarının Azərbaycana yeni təyin olunmuş səfiri Mariya Viktoriya Romero Kabalyero ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, nazir C.Bayramov səfir Mariya Viktoriya Romero Kabalyeronun etimadnaməsinin surətini qəbul edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb: “Görüşdə iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə bölgədə cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycan və Meksika arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, investisiya, turizm, təhsil, idman və s. sahələrində geniş əməkdaşlıq perspektivlərinin mövcudluğunu məmnunluqla qeyd ediblər. Siyasi sahədə əməkdaşlığın, o cümlədən siyasi dialoqun inkişafında qarşılıqlı səfərlərin, o cümlədən siyasi məsləhətləşmələrin rolu vurğulanıb”.

Nazir C.Bayramov postmünaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, eləcə də mina təhlükəsi barədə qarşı tərəfi məlumatlandırıb.

Məlumata əsasən, səfir Mariya Viktoriya Romero Kabalyero qəbul üçün nazir C.Bayramova təşəkkür edib, iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün səy göstərəcəyini ifadə edib: “İkitərəfli münasibətlərin genişləndirilməsində parlamentlərarası əlaqələrin, habelə hər iki ölkənin parlamentarilərinin qarşılıqlı səfərlərinin rolu vurğulanıb. Həmçinin Azərbaycan və Meksikada fəaliyyət göstərən beyin mərkəzləri arasında əməkdaşlığın genişləndirilməsi üçün iş aparıldığı diqqətə çatdırılıb”.

Görüşdə çoxtərəfli platformalar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə edilib: “Bu xüsusda, növbəti ilin mart ayında Bakıda keçiriləcək COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü formatında iclasına dair hazırlıq işləri barədə məlumat verilib. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb”.

Mission News Theme by Compete Themes.