Press "Enter" to skip to content

Bir millət – üç dövlətin hakim partiyaları KKTC-də

Qəbuldan xatirə fotosu

Ersin Tatar: Bütün türk dünyasının bir parçası olan KKTC-nin güclənməsi və yaşadılması, milli birliyin daha da gücləndirilməsi üçün sizin dəstəyinizə ehtiyacımız var

BAYRAQDAR MEDİA – “Tariximizdə, keçmişimizdə, bu coğrafiyada varlığımızda daha güclü ola bilməyimiz üçün bu əlaqələri inkişaf etdirmək və yaxınlığımızı daha da artırmaq bizim ən böyük arzumuzdur”.

Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar qardaş Türkiyənin hakim partiyası olan AK Parti sədrinin müavini Numan Kurtulmuş və Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovu qəbul edərkən deyib.

Qəbul zamanı
Qəbul zamanı

KKTC Cümhurbaşqanlığından BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, qəbuldakı çıxışında E.Tatar ziyarətdən məmnunluğunu bildirib, Azərbaycan Prezidenti İlham Əliyevə sevgi və ehtiramını çatdırıb.

2023-cü ildə KKTC-nin 40 illik yubileyini qeyd edəcəyini deyən E.Tatar dövlət quruluşunun bu illər ərzində daha da gücləndiyini bildirib.

Çıxışında özlərini hər zaman türk dünyasının bir parçası kimi gördüklərini deyən KKTC Cümhurbaşqanı, Azərbaycan və Türkiyə ilə xüsusi əlaqələri “bir millət – üç dövlət” olaraq ifadə etdiklərini vurğulayıb: “Bütün türk dünyasının bir parçası olan KKTC-nin güclənməsi və yaşadılması, milli birliyin daha da gücləndirilməsi üçün sizin dəstəyinizə ehtiyacımız var”.

E.Tatar KKTC-nin Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv qəbul edilməsinin xalqı daha da gücləndirdiyini xatırladıb: “Bu üzvlük bizim üçün çox vacibdir. Çünki bunlar mərhələli şəkildə alınan və varlığımızı gələcəyə daşıyacaq mühüm siyasi qərarlardır”.

Çıxışında hər zaman Azərbaycanı dəstəklədiklərini ifadə edən E.Tatar Qarabağda şəhid olanlara Allahdan rəhmət diləyib, qazilərə öz təşəkkürünü bildirib.

Öz növbəsində KKTC-də olmaqdan məmnunluğunu ifadə edən T.Budaqov Azərbaycan ilə KKTC arasında əlaqələrin tarixi köklərə söykəndiyini deyib. T.Budaqov Kıbrıs türk xalqının mübarizəsi və əldə etdiyi nailiyyətlər nəticəsində dövlətin qurulmasının azərbaycanlıları sevindirdiyini bildirib. O, bu səfərin bundan sonra daha da inkişaf etdiriləcək əməkdaşlığın ilk addımı olduğunu vurğulayıb.

AK Partinin sədr müavini Numan Kurtulmuş da KKTC-də olmaqdan məmnunluğunu ifadə edərək, hər gəlişində KKTC-nin bir az daha inkişaf etdiyini görməyin onlar üçün qürurverici olduğunu bildirib.

Mission News Theme by Compete Themes.