Son yeniləmə: 19 Dekabr 2022 11:30
Büllur Məmmədova: Çünki hər birimiz Azərbaycan dövlətinin, Azərbaycan vətəndaşlarının güclü dəstəyini hiss edirik
BAYRAQDAR MEDİA – “Şuşa-Xankəndi yolunun kiçik bir hissəsində Rusiyanın silahlı sülhməramlıları ilə qarşı-qarşıya dayanaraq erməni bölücülərinin cinayətkar əməllərinə etirazını bildirən insanlar milli birliyin, xalq-dövlət vəhdətinin, Vətən uğrunda cəsarətin, Vətənə məhəbbətin nümunəsini bütün dünyaya göstərirlər”.
Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədr müavini Büllur Məmmədova deyib.
O, vurğulayıb ki, aksiyanın ilk dəqiqələrindən Azərbaycan xalqının bir yumruq olaraq hərəkət etdiyini, qarşıya qoyulan məqsədə nail olmaq üçün var qüvvəsi ilə mübarizə aparmasını gözləri ilə görüb.
B.Məmmədova qeyd edib ki, bu aksiyanı təşkil edən vətəndaş cəmiyyəti və media təmsilçiləri bununla böyük əzmkarlıq nümayiş etdirirlər: “Aksiyanın ilk anlarında kimsə nələrin baş verəcəyini bilmirdi. Amma aksiya iştirakçılarında nə tərəddüd var idi, nə də qorxu hissi. Biz yalnız irəli baxırdıq, yalnız tələblərimizi səsləndirirdik. Əminliklə deyə bilərəm ki, ilk andan Şuşa-Xankəndi yolunda aksiya keçirən, Azərbaycan ekoloqlarının “Qızılbulaq” və “Dəmirli” yataqlarının monitorinqini aparmaları üçün müvafiq şəraitin yaradılması ilə bağlı tələbləri səsləndirən qeyri-hökumət təşkilatları çox böyük əzmkarlıq nümayiş etdirdilər. Bu, indi də belədir. Şübhəsiz ki, bu, eyni zamanda, Azərbaycan dövlətinin və xalqının vətəndaş cəmiyyətinə olan yüksək inam və etimadının göstəricisidir. Tələblərimiz yerinə yetirilməyənə qədər biz bir addım da geri çəkilən deyilik”.
B.Məmmədova deyib ki, səkkiz gün öncə başlayan aksiyanı Azərbaycan QHT-ləri bu gün də inamla davam etdirirlər: “QHT-lər bu mübarizələrində qərarlıdırlar. Çünki hər birimiz Azərbaycan dövlətinin, Azərbaycan vətəndaşlarının güclü dəstəyini hiss edirik”.