Son yeniləmə: 19 Dekabr 2022 14:55
İlkin Ağayev: Azərbaycanın milli maraqlarının qorunması təşəbbüslərini mütəşəkkil və mübariz şəkildə reallaşdırmaqda davam edəcəyik!
BAYRAQDAR MEDİA – “Məlumat verildiyi kimi, 2022-ci il dekabrın 3-dən etibarən Azərbaycanın İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlarla bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıb. Danışıqların ilk günündən nümayəndələrimizin üzləşdiyi çətinliklər, onların qarşısında yaradılan maneələr barədə mediada geniş məlumatlar verilib. “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarlaşmanın aparılması məqsədilə gələn işçi qrupu üzvlərini burada erməni millətindən olan bir sıra vətəndaşların narazılıqla qarşılaması, Ermənistandakı və xaricdəki separatçı-revanşist mövqeli qruplar tərəfindən Azərbaycanın suverenliyinə qarşı bu cür təhrikçiliyə aludə olmaları isə Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin, o cümlədən ekofəalların, ekoloji sahədə ixtisaslaşmış QHT-lərin, media mənsublarının, digər sahələrdə fəaliyyət göstərən ictimai fəalların haqlı etirazlarına səbəb olub”.
Bunu Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti və media təmsilçisinin Ermənistandan Xankəndinə gələn Laçın yolunda keçirdiyi etiraz aksiyasına münasibət bildirən “Qloballaşan Dünyaya İnteqrasiya” İctimai Birliyinin sədri İlkin Ağayev deyib.
BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında o, qeyd edib ki, aksiyaya ilk qoşulanlar sırasında təmsil etdiyi Birliyin nümayəndələri də olub: “Etiraz aksiyaları dinc, sivil və mütəşəkkil qaydada, Azərbaycan dövlətinin öz əraziləri üzərində suveren nəzarətinin tam bərpası ilə əlaqədar bölücülər tərəfindən ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Sonrakı günlərdə ekoloji sahədə ixtisaslaşmış QHT və ekoloqların aksiya təşəbbüsünə xeyli sayda digər vətəndaş cəmiyyəti nümayəndəsi və ictimai fəallar da qoşuldu ki, bu da Azərbaycan cəmiyyətinin, vətəndaşların ölkəmizin suverenliyi və təbii sərvətlərimizin, ətraf mühitin qorunması məsələsində yetərincə həssas olduğunu bariz şəkildə ortaya qoydu”.
Bildirilib ki, Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin, ekofəalların başladığı bu aksiya, səsləndirilən tələblər, aksiyaçıların şüarları, ən qısa zamanda ümumvətən miqyası aldı: “Bu da vətəndaş cəmiyyəti nümayəndələrinin Azərbaycan cəmiyyətinin sosial sifarişini uğurla yerinə yetirdiyini və haqq səsini çatdırdığını bariz şəkildə göstərdi. Mövqeyindən asılı olmayaraq, müxtəlif nüfuzlu dünya media qurumlarında da bu aksiyanın işıqlandırılması, reportajların yayımlanması Azərbaycan cəmiyyətinin öz suveren hüquqları ilə bağlı səsləndirdiyi haqlı tələbləri bir daha çox sivil, mütəşəkkil və effektiv bir şəkildə dünyaya təqdim etdi ki, bu da eyni zamanda vətəndaş cəmiyyətinin, bütün Azərbaycan cəmiyyətinin növbəti uğurudur. Bu aksiya həm də Azərbaycan ictimaiyyətini bir daha ölkəmizin ərazilərində ekoloji terror, bölücü əhval-ruhiyyəyə qarşı səfərbər etdi. Bu baxımdan etiraz aksiyasına, vətəndaş cəmiyyətinin bu haqlı mövqeyinə hörmətlə yanaşılmalıdır. Çünki bu, bizim vətəndaşlarımızın tələbidir, Azərbaycan xalqının sosial sifarişidir”.
Vurğulanıb ki, aksiyanın miqyası və təsirləri vətəndaş cəmiyyəti institutlarının rolunu, ictimai, milli əhəmiyyətli məsələlərin ifadə edilməsində və həllində önəmini çox yaxşı formada göstərdi: “Bir daha hamıya bəlli oldu ki, Azərbaycanda həm də QHT-vətəndaş, QHT-cəmiyyət, QHT-dövlət münasibətləri yüksək və sivil səviyyədə formalaşıb, QHT-lər milli məsələlərdə dövlətin və onun başçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanındadır, haqq yolunda sonadək mübarizdir, təşəbbüskardır, fəaldır. Bütün bunlar isə eyni zamanda milli maraqların və mənafelərin qorunması istiqamətində QHT-lərin fəaliyyətinin artmasında QHT sektorunda aparılmış islahatların müsbət nəticələrini, Azərbaycanda bu sahədə milli donor institutunun effektiv, şəffaf və səmərəli işlədiyini çox aydın göstərir. Beləliklə, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ölkəmizin milli maraqlarının, suveren hüquqlarının, haqlı tələblərinin qorunması yönündə israrlıdır və bu istiqamətdə Azərbaycan cəmiyyətinin haqlı tələbləri tam yerinə yetirilməyincə, mübarizəmizi sona kimi davam etdirəcəyik. Daha da mütəşəkkil, daha da kütləvi, daha da mübariz və əzmkar şəkildə həm də!”