Press "Enter" to skip to content

Müəllim nüfuzunu ayaqlar altına atmaq olmaz

Azər HƏSRƏT

Son yeniləmə: 19 Dekabr 2022 13:26

BAYRAQDAR MEDİA – Ayrıntıları önəmli deyil, bir məsələ ilə bağlı ciddi narahatam. Orta məktəb uşaqlarının tənbeh edilməsi sonucu müəllimlərin cəzalandırılması ilə bağlı geniş ictimailəşdirmə məktəbi də, müəllimi də gözdən salır. Buna qərar verənlər bəlkə də çağdaş dövrün tələblərinə əsaslanıb şiddəti aradan qaldırmaq istəyir. Mümkündür. Amma bu zaman müəllimin nüfuzunun ayaqlar altına atıldığının da fərqinə varmalıyıq axı, deyilmi?

Mediadan bildiyim qədəri ilə bir məktəbdə şagirdi döyən bir müəllimlə bağlı işdən azad etmə qərarı verilib. Bunu şiddətə dözümsüzlük kimi təqdim edirlər. Amma heç kim o şiddətin hansı şəraitdə baş verdiyinin ayrıntıları haqqında məlumat vermir. Əlbəttə, biz müəllimin istənilən durumda təmkinli davranmalı olduğunun tərəfdarıyıq. Lakin iddia edə bilmərik ki, müəllim də daşdan-dəmirdəndir və onun əsəbləri hər şeyə dözməlidir…

Uşaqların tənbeh edilməsinə gəlincə, məncə, biz bir Şərq toplumu olaraq bundan imtina etməyə tələsməməliyik. İnsanımız hələ ki, tam olaraq özünüidarəyə hazır deyil. Nəinki məktəb uşaqlarımız, onların ata-anaları da belə bir duruma hazır olmadıqlarını hər addımda göstərirlər.

İndi etməli olduğumuz əsas iş müəllimin-məktəbin nüfuzunu yüksəltməkdir. Şagird də, onun ata-anası da birmənalı olaraq bilməlidir ki, məktəbi karvansaraya çevirmək olmaz. Hər kəs anlamalıdır ki, 45 dəqiqəlik dərs saatının ən birinci sahibi sinifdəki müəllimdir. Qaydaların təminatçısı da o müəllimdir və kənardan heç kəs o 45 dəqiqəyə müdaxilə etməməlidir. O cümlədən də uşaqların böyükləri. O cümlədən də az qala məktəb direktoru ilə bərabər maaş alan “məktəblinin dostu” adlı gərəksiz şəbəkənin üzvləri.

Yeri gəlmişkən, “məktəblinin dostu” ilə bağlı əvvəllər də narahatlıq ifadə etmişdik. O zamankı Təhsil Nazirliyinin rəsmiləri bizi bir məktəbə dəvət edib bu “dostların” nə qədər gərəkli olduğunu “sübut” etmişdi. Bir müddət biz məsələyə nisbətən loyal yanaşdıq ki, bəlkə doğrudan da bunlar çox gərəklidir? Amma nə baş verdi?

O baş verdi ki, bu “dostlar” olduqları məktəblərdə direktorları belə arxa plana keçirməyə başladı. Bəli, məhz elə. Direktorların üzərində belə hegemonluq etməyə çalışmaları nəticə etibarı ilə ona gətirib çıxarıb ki, indi bəzi məktəbləri onlar deyil, az qala bu “dostlar” idarə edir.

Hələ bir çox məktəblərdə müəllimlərin ucdantutma bu “dostların” ayağına verilməsini demirik. Belə bir şəraitdə müəllimin, məktəbin nüfuzu ayaqlar altına düşməsin də nə etsin?

İndinin uşaqları da bir az “diribaşdırlar” axı. Müəllim bir balaca səsini yüksəldən kimi onu bu “məktəblinin dostları” ilə qorxudur uşaqlar. Hətta hallar var ki, uşaqlar yalandan gedib bu “dostlara” şikayət edir, onlar da məlumatları daha yuxarı ötürür. Ona görə də müəllimlər yalana-böhtana tuş gəlməmək üçün bir qədər tədrisdən güzəştə getməli olurlar…

Olmaz belə. Müəllimi və məktəbi ayağa vermək olmaz. Müəllimin tənbeh tədbirlərini də əldə bayraq edib gözdən salmaq olmaz. Heç bir müəllimin məqsədi şagirdi döymək, söymək deyil. Müəllim nə edirsə, uşağın adam kimi yetişməsi, elmli olması və ədəb qaydalarını mənimsəməsi üçün edir. Buna görə müəllim gözümçıxdıya salınarmı?

Haşiyə: Osmanlı Sultanı II Muradın oğlu Mehmetin olayını bir dəfə yazmışdıq. Tarixdən bilinən bir olaydır. Sonradan böyüyüb Sultan Mehmet Fatih olacaq bu uşağın müəllimi Ak Şemseddin idi. Mehmet atasının Sultan olmasından dolayı dərslərdə şuluq salar, müəllimini üzərdi. Müəllim isə atasına xatir bu uşağa bir söz deyə bilməzmiş. İş o həddə çatır ki, Mehmet bütün sınırları aşır, öz gələcəyini təhlükə altına atır. Buna görə də Ak Şemseddin Sultan II Muradın hüzuruna gedib durumu izah edir. Sultan əyilərək Ak Şemseddinin qulağına bir şey pıçıldayır. Bu pıçıltını eşidən Ak Şemseddinin gözləri hədəqəsindən çıxar, “Sultanım, belə bir şey necə mümkün ola bilər axı” deyə sual edər. Sultansa deyir ki, “mənim dediyim kimi edək”. Edirlər. Bir gün dərs vaxtı Sultan qapını döymədən otağa girir. Mehmet müəllimin qarşısında oturmuş, Ak Şemseddin ona dərs izah edir. Sultanın anidən və iznsiz içəri girməsini görən Ak Şemseddin ayağa qalxıb ona bir şapalaq ilişdirir və “sən nə cürətlə mənim dərsimi pozursan” deyə üstünə qışqırır. II Murad da başını aşağı salıb dərhal üzr istəyir və arxaya doğru hərəkət edərək otaqdan çıxır. Bunu görən Mehmet yerində donur. Çünki ağlına belə gətirə bilməzdi ki, Sultan olan atasına kimsə belə davrana bilər. Bu olaydan sonra Mehmet anlayır ki, dərsə, müəllimə sayğılı davranmaq lazımdır. Və bunun nəticəsi olaraq o, gənc yaşlarında İstanbulu fəth edərək tarix yazmağı bacarır…

İndi biz nə edirik? Müəllim uşağın üstünə səsini yüksəltdi, işdən ataq. Nə bilim, hansısa müəllim şagirdi tənbeh edib, ona töhmət verək. Yaxud da müəllim hansısa təbii ehtiyacını ödəmək üçün sinifdən çıxmalı olub, bunu da “məktəblinin dostu” lap yuxarıya çuğullasın!

Belə olmaz! Əsla olmaz! Müəllimin nüfuzu, hakimiyyəti və hökmü göz ardı ediləcəyi təqdirdə heç bir keyfiyyət əldə etmək olmaz. Məktəbdəki uşaq görməli və hiss etməlidir ki, o 45 dəqiqənin hakimi-mütləqi müəllimdir. Belə olmasa həmin uşaqdan böyüyüb adam olmağı gözləmək əbəsdir.

Sonda: Biz necə iddia edə bilərik ki, bütün ailələrdən gələn uşaqlar həqiqətən də çox tərbiyəli, ədəbli, yerini biləndir? Mümkün deyil axı bu. Məgər müəllimin hər bir şagirdə fərdi yanaşması tələb edilmirmi? Bu tələb nə üçündür? Onun üçündür ki, hər bir şagirdlə başa düşəcəyi dildə danışsın, onun təlim-tərbiyəsini qursun. Heç görmüsünüzmü ki, ədəbi, davranışı yerində olan hansısa şagirdə münasibətdə müəllimlər özündən çıxsın? Şəxsən mən görməmişəm. Müəllimin sinirlərini zorlayan tərbiyə problemi olan uşaqlardır ki, onlara münasibətdə bir qədər sərt davranmağa gərək var. Sultan Mehmet Fatehin örnəyində olduğu kimi. Yoxsa o cür uşaqları gələcəyi cinayətkarları, avaraları, tüfeyliləri arasında görəcəyik…

Mission News Theme by Compete Themes.