Son yeniləmə: 19 Dekabr 2022 09:24
BAYRAQDAR MEDİA– Xəbər verdiyimiz kimi dekabrın 17-də Bakıda Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə II Bütöv Azərbaycan Forumu keçirilib. Forumun keçirilməsində əsas məqsəd Azərbaycanın bütövlüyügündəmə gətirmək, Bütöv Azərbaycanın problemlərinə bir müstəvidən yanaşmaq, ümummilli birliyə nail olmaq idi.
Təşkilatçılardan BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, Azərbaycanın dövlət himni səsləndikdən sonra şəhidlərin, o cümlədən BAO-nun dünyasını dəyişən üzvləri Dilavər Əzimlinin və Ənvər Börüsoyun xatirəsi bir dəqiqəlik sükutla yad edilib: “Daha sonra BAO başqanı Zahir Əlisoy Forumu açıq elan etdi. Z.Əlisoy İranın sökülmə prosesi başlandığını qeyd etdi. O, forum adından 4 sənədin hazırlandığını və başqa fikirlərin və əlavələrin də ola biləcəyini tədbir iştirakçılarına çatdırdı. Tədbir iştirakçılarından Laçındakı aksiyaya dəstək müraciətinin qəbul edilməsi də təklif olundu”.
Daha sonra forum çıxışlarla davam edib: “GADP başqanı Mahmud Bilgin bildirdi ki, bu gün 17 Azər Güneyin soyqırım günüdür. 36 min adam soyqırıma məruz qalıb. 30 ildi millətləşmə çabaları göstəririk. “Soydaş” İB-dən Kamran Ramazanlı isə qeyd etdi ki, Borçalıda 206 Azərbaycan məktəbindən 106 məktəb, 8 min müəllimdən 3 min müəllim qalıb. Tədrisdə türk dilini azaldıb rus və ingilis dillərini artırıblar”.
Məlumata əsasən, GAMDT sədri Məcid Araz çıxışında Güney Azərbaycanda bölgələrinin farslar tərəfindən ələ keçirildiyini bildirib: “Media olaraq güclənməliyik. Sizdən gözləntimiz Güney Azərbaycan mediasına yardım etməkdir. Ümumiyyətlə proseslərin eyni mrəkzədən idarə olunması üçün Kordinasiya Şurasının yaradılması, orada Millət vəkillərinin də olması önəmlidir”.
Millət vəkili Fəzail Ağamalı isə, “Mən də hesab edirəm ki, Kordinasiya Şurası yaradılmalıdır. Eyni zamanda fars və ingilis dillərində telekanallar açılmalıdır. Güney Azərbaycan Mühacir hökumətini yarada bilərik”, deyib.
Foruma onlayn şəkildə qoşulan GAMQH-dan Eldar Qaradağlı, iştirakçılardan Əlirza Zamanlı, millət vəkillərii Ceyhun Məmmədov və Razi Nurullayev də Kordinasiya Şurasının yaradılmaısnın vacib olduğunu bildiriblər.
Türkoloq Firudin Ağasıoğlu isə, “Azərbaycan türklərinin qarşısında ciddi problemlər var. Bütün bunların həlli üçün strateji araşdırma mərkəzi yaradılmalıdır”, deyib. Forumda eyni zamanda Bünyamin Qənbərli, BAO fəalı Faiq Ələkbərli, ADF-dən Abdulla Haşimi Cavanşir, İTC-dən Paşa Həsənli, AMİP-dən Teyyub İsmayıl, BAO fəalı Natiq Ulubəy, tarixçi alim Boran Əziz, BAO fəalı, şair Zəkulla Bayramlı, Güneyli fəal Tohid Cavadi, AMDT üzvü Müctəba Nəcəfi, ictimai-siyasi fəal Mehman Əhməd və digərləri də çıxış ediblər”, deyə məlumatda qeyd olunub.
Müzakirə və çıxşlardan sonra Forum adından müraciət və bəyanatlar qəbul olunub.