Son yeniləmə: 19 Dekabr 2022 17:03
Cəsarət Hüseynzadə: Azərbaycanın qeyri-hökumət təşkilatları vacib məqamda təşəbbüsü ələ almaqla milli maraqların müdafiəsinə qalxdı
BAYRAQDAR MEDİA – “Şuşa-Xankəndi yolunda keçirilən aksiya QHT sektorunun əhəmiyyətini və gücünü bir daha göstərmiş oldu. Keçirilən yüksək səviyyəli aksiya QHT sektorunda kifayət qədər potensiallı şəxslərin və liderlərin olduğunu əyani göstərdi”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.
O, qeyd edib ki, Azərbaycanın qeyri-hökumət təşkilatları vacib məqamda təşəbbüsü əla almaqla milli maraqların müdafiəsinə qalxdı: “Vətəndaş cəmiyyəti nümayəndələri olaraq biz, eyni zamanda QHT-lərin milli məsələlərdə necə yumruq kimi birləşdiyini və bir hədəfə vurduğunu əyani nümayiş etdirdik. Aksiya iştirakçısı kimi deyə bilərəm ki, QHT rəhbərləri soyuq havada yuxusuz olmalarına baxmayaraq aktiv və coşğulu bu mübarizə aparır, sanki döyüş növbətçiliyi çəkirlər”.
Bildirilib ki, Azərbaycan QHT-lərinin keçirdiyi aksiya mühüm fərqlilikləri ilə tarixə düşdü: “Bilirsiniz ki, dünya təcrübəsində etiraz aksiyaları müəyyən mərhələlərdə adətən aqressiv elementləri özündə cəmləyib. Azərbaycan QHT-lərinin aksiyasında is əksinə, humanitar elementlər daha inkişaf edir. Aksiya dövründə bir neçə dəfə sülhməramlıların keçidi üçün imkan yaradılması, sülh çağırışları və s. buna əyani sübutdur. Aksiya iştirakçıları vətəndaş cəmiyyəti nümayəndələri olaraq müxtəlif məsələlərlə bağlı fəqli fikir və düşüncələrə sahib olsalar da, etiraz aksiyasında birlik, bərabərlik və dözümlülük nümayiş etdirən bir platformaya çevrildilər”.
C.Hüseynzadə bildirib ki, aksiyanın bir elementi milli maraqlarımızın müdafiəsidirsə, digər vacib məqam prosesin QHT fəlsəfəsi, QHT hərəkatı ilə bağlı olmasıdır: “Həm Azərbaycan Respublikasının qanunvericiliyi, həm də beynəlxalq konvensiyaların verdiyi təminat QHT-lərin ətraf mühitin mühafizəçisi rolunda iştirakına şərait yaradır. Azərbaycanın təbii sərvətlərinin barbarcasına talanması, bununla bağlı ətraf mühitə zərərin vurulmasına qarşı mübarizə aparmaq QHT hərəkatının əsas funksiyalarından biridir. Bu aksiya Azərbaycanda QHT sektorunun yeni mərhələyə qədəm qoyması kimi qiymətləndirilməlidir. QHT-lərin aksiyasına cəmiyyətin bütün qüvvələri tərəfindən çox böyük dəstək var”.