Son yeniləmə: 19 Dekabr 2022 16:24
BAYRAQDAR MEDİA – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA), heç şübhəsiz ki, diqqətə dəyər və keyfiyyətli işlər görür. Artıq yolların təmir və tikintisində keyfiyyətə üstünlük verildiyi göz önündədir. İstər şəhərlərin içində, istərsə də yaşayış məntəqələri arasında aparılan işlər, nəticə etibarı ilə sürücülərə təqdim edilən yollar göz oxşayır. Şəxsən özüm tez-tez uzaq yollara maşın sürən birisi kimi bunun nə qədər sevindirici olduğunu deyə bilərəm…
Bilənlər bilir. Tez-tez Dədəliyə gedirəm. Bu yolun böyük bir hissəsi Bakı-Quba yoludur. Özü də illərdir gedirəm və gəlirəm bu istiqamətdə. Və bu illər ərzində daim o yolu o günə qoyanlara, onların gəlmiş-keçmişlərinə lənət oxumuşam! Oxumağa da davam edirəm. Mənim kimi yüz minlərlə sürücü də eyni qaydada onlara lənət oxuyur. Çünki 30 illik təminatla beton yol çəkmişdilər, heç 3 il keçmədən dağılmağa başladı. Elə bir həddə dağıldı ki, bizim maşınlarımız da bundan nəsibini aldı. Üstəlik də o boyda yolu daim narahat gedib-gəlirik…
İndi isə AAYDA həmin yolun bir tərəfini tam olaraq söküb sıfırdan yol çəkir. Əladır. Çünki təmir ediləcək halı yoxdu o yolun. Dediyim kimi, tez-tez o yolla hərəkət etdiyim üçün tikinti işlərini da lap yaxından görə bilirəm. Doğrudan da əla iş gedir. Təxminən 70 km-lik yol hissələrə bölünüb, ayrı-ayrı qruplar bir-birindən asılı olmadan işləyir. İş qaynayır. Nəticə isə artıq hazırdır. Yolun böyük bir hissəsində nəinki torpaq-kipləmə işləri, hətta asfaltlama da başa çatıb, xətləmə də gerçəkləşdirilib. Yəni yol istismara tam hazır vəziyyətdədir.
Amma təəssüf ki, bu yol əvvəlcədən elan edildiyi kimi, yeni il ərəfəsində açıla bilməyəcək. Çünki hələ arada 10 km-ə qədər bir hissədə işlərin o müddətə tamamlanacağı şübhəlidir. Məsələ ondadır ki, yolun bu hissəsində işlər çox böyük gecikmə ilə başlayıb. Təxminən Yaşma yaşayış məntəqəsi hissəsində hətta köhnə yolun sökülüb yenidən qurulmasına digər hissələrdən bir neçə ay sonra başlanılmasının səbəbini, açığı, başa düşmək çətindir.
Mümkündür ki, o hissəyə məsul olan şirkət işə başdansovdu yanaşıb. Çünki başqa hissələrdə iş qaynamaqdaykən orda heç bir işin görülməməsi başqa cür düşünməyə imkan vermir. İndi o hissədə də iş gedir. Amma yenə də işin qaynadığını deməyə bir qədər çətinlik çəkirik. Sanki adamlar heç yerə tələsmirlər…
Ümid edək ki, AAYDA bu qədər gözəl işlərə bu kiçik hissədə kölgə düşürülməsinə imkan verməyəcək və niyə yolun o kəsimində işlərin axsamasının səbəbini də ictimailəşdirəcək.
Ümumiyyətlə isə demək istərdik ki, yol həqiqətən də çox keyfiyyətlə çəkilir. Bir az da səbr etsək və o qalan 10 km-lik hissədəki məsullar da tələssələr ilin sonuna olmasa da yanvarın sonuna qədər yol istismara verilə biləcək. Əslində isə texnika və işçi qüvvəsini artırmaqla elə dekabrın sonuna qədər də bitirmək olar bu işi…