Son yeniləmə: 19 Dekabr 2022 10:09
Kənan Quluzadə: İşğaldan azad edilən ərazilərimizdə qış turizminin inkişafı planlaşdırılır
BAYRAQDAR MEDİA – 2022-ci ilin sonunadək Azərbaycana gələn turistlərin sayı 1,5 milyonu keçəcək.
Bunu jurnalistlərin suallaırnı cavablandıran Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə deyib.
K.Quluzadə bildirib ki, 2022-ci ilin ilin yanvar-noyabr aylarında Azərbaycana 1,4 milyon xarici vətəndaş gəlib: “Pandemiyanı nəzərə alsaq bu, müsbət rəqəmdir. Bu, əvvəlki illə müqayisədə 2 dəfə çox olsa da, 2019-cu illə müqayisədə 2 dəfə azdır. Məqsədimiz pandemiyadan əvvəlki ilə qayıdıb, ondan bir addım da irəli getməkdir. Planlarımıza görə, yaxın 4 ildə Azərbaycana 4 milyon turist axını olacaq”.
O, qeyd edib ki, Dövlət Turizm Agentliyi bu ilin yay aylarından yeni paketlər hazırlayır, Azərbaycanın tanıtım işlərini aparır: “Daha çox Asiyadan turistləri cəlb etməyə çalışırıq. Regionda geosiyasi dəyişiklər baş verdiyi üçün Rusiyadan gələnlərin sayı kəskin azalıb. Qış turizmi ilə bağlı təbliğat işini ənənəvi bazardan kənar – Avropa, ən çox da almandilli ölkələrdə aparmışıq”.
K.Quluzadə onu da bildirib ki, işğaldan azad edilən ərazilərimizdə qış turizminin inkişafı planlaşdırılır. Onun sözlərinə görə, qış turizmini inkişaf etdirmək üçün Kəlbəcər rayonu çox əlverişlidir: “Azad edilən torpaqlarda qış turizmini inkişaf etdirmək Agentlik olaraq əsas məqsədlərimizdəndir”.