Son yeniləmə: 19 Dekabr 2022 14:14
Rauf Rəcəbov: Bu aksiya QHT sektorunun gücünü və əhəmiyyətini bir daha təsdiq etdi
BAYRAQDAR MEDİA – “Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə yanaşı, 30 il ərzində ölkənin mədəni irsini, təbii sərvətlərini də dağıdıb, talan edib. Ermənistan Azərbaycana qarşı ekoloji terror da həyata keçirib və bu, hazırda da davam edir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Azərbaycan Milli İnkişaf Layihəsi” İctimai Birliyinin sədri Rauf Rəcəbov deyib.
Onun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı ekoloji terror siyasəti mahiyyətinə və həyata keçirilməsi mexanizmlərinə görə çox müxtəlifdir: “Bu, 1988-ci ildən başlayaraq keçmiş Dağlıq Qarabağın və ona bitişik rayonların işğal edilməsi, o cümlədən flora və faunanın məhvi ilə müşayiət olunurdu. Ermənistan təkcə Qafqaz regionunda etnik təmizləmə siyasəti aparan işğalçı dövlət deyil, həm də ekoloji terror aktlarının həyata keçirilməsinə xidmət edən dövlətdir. İşğal olunmuş ərazilərin təbii sərvətlərinə və ətraf mühitə vurulan ziyan regionda ekoloji tarazlığı pozub. Münaqişə nəticəsində Azərbaycanın ekologiyasına və təbii sərvətlərinə dəymiş ziyan çox böyükdür”.
R.Rəcəbov deyib ki, 30 il ərzində işğalçı ölkə təbiətə qarşı da təcavüzkar davranıb: “Ermənistanın törətdiyi ekoloji terror nəticəsində 10-dan çox qoruq və yasaqlıq, Azərbaycanın “Qırmızı Kitab”ına və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına daxil edilmiş olduqca qiymətli, nadir bitki və heyvan növləri, Azərbaycan və Qarabağ endemləri birdəfəlik məhv edilib. Ekoloji terror əsasən münaqişə dövründə ətraf mühitin qəsdən və ya qanunsuz şəkildə məhv edilməsi, istismarı və ya dəyişdirilməsi kimi xarakterizə olunur. Azərbaycanın rayonlarına qarşı həyata keçirilən bu ekoloji terror həmin ərazilərin işğal edildiyi ilk günlərdən başlayıb. İşğal altında olan ərazilərdə iri heyvanlar minaya düşərək məhv olub. Azərbaycanın təbii sərvətləri oğurlanaraq talan edilib”.
Müsahibimiz vurğulayıb ki, mədənlərin bundan sonra da talan olunmasına artıq göz yummaq olmazdı: “Bununla bağlı qeyri-hökumət təşkilatları beynəlxalq qurumlara müraciət edərək talanların qarşısının alınmasını tələb etdi. Nəticə əldə olunmadığına görə QHT-lər qərara gəldilər ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə Xankəndi yolunda dinc aksiya təşkil olunsun. Faydalı qazıntı yataqları, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçilərinin Xankəndi-Laçın yolunda aksiyası artıq 8 gündür ki, davam edir. Aksiya iştirakçılarının tələbi çox sadədir: Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına və talanmasına son qoyulsun; bu ərazilərdə törədilən ekoloji terror dayandırılsın və həmin ərazilərin monitorinqinə şərait yaradılsın! Aksiya iştirakçılarına ictimai dəstək isə günbəgün artır. Ekologiya, geologiya və digər sahələr üzrə alimlər, ekspertlər, tələbələr, könüllülər aksiyaya qoşulur, səsləndirilən tələblərə dəstək verirlər”.
Qeyd olunub ki, bu aksiya QHT sektorunun gücünü və əhəmiyyətini bir daha təsdiq etdi: “Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunun özünəməxsusluğu ondadır ki, onlar vahid orqanizm kimi qlobal cəmiyyətin daxili qarşılıqlı tərəfləri kimi özünü göstərir. Vətəndaş cəmiyyəti üzvləri üçün birgəyaşayış qaydalarını özündə əks etdirən vətəndaş cəmiyyəti etikası formalaşır. Azərbaycan QHT-ləri qısa bir zamanda bir yumruq kimi birləşərək etiraz aksiyasına qatıldı. Bu, aksiyanın sistemli şəkildə davam etdirilməsinə bir təkan verdi. Burada Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rolunu da xüsusi vurğulamaq istəyirəm. O ki, qaldı aksiyanın mediada işiqlandırılması məsələlərinə, əlbəttə, aksiyanın ilk günündən televiziya və elektron media canlı olaraq aksiyanın gedişini işıqlandırırlar. Bir sözlə, bu aksiya QHT-lərin dövlətin və xalqın yanında olduğunu bir daha nümayiş etdirdi”.