Son yeniləmə: 19 Dekabr 2022 00:56
Nadir İsmayılov: Bu, bir daha sübut etdi ki, hər zaman dövlətin və xalqın yanında olan QHT-lər taleyüklü məsələlərdə də flaqman olaraq ön sırada gedirlər
BAYRAQDAR MEDİA – “Son bir həftə ərzində dünyanın əsas diqqəti yenidən Azərbaycana yönəlib. Buna səbəb isə azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatları nümayəndələri və media təmsilçilərinin Şuşa-Xankəndi yolunda keçirdikləri etiraz aksiyasıdır”.
Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, Əməkdar jurnalist Nadir İsmayılov bildirib.
Onun sözlərinə görə, artıq yeddinci gündür ki, davam edən aksiya bir sıra məqamları üzə çıxardı: “Öncə onu qeyd edim ki, aksiyanı ilk başlayan QHT təmsilçiləri arasında olduğum üçün qürur duyuram. Hesab edirəm ki, bu dinc aksiya müasir Azərbaycan tarixində xüsusi yer tutacaq. Çünki 2022-ci il, dekabrın 12-də QHT fəalları, ekoloqlar, həmçinin media təmsilçilərinin təpədən dırnağa qədər sılahlanmış Rusiya sülhməramlılarının önündə haqlı şüarlar səsləndirərək başlatdıqları bu dinc aksiyanın xalqımız və dövlətimiz üçün mühüm bir əhəmiyyət kəsb etdiyi şübhəsizdir”.
Laçın yolunda Rusiya sülhməramlılarının sayı artıb – FOTOLAR
N.İsmayılov bildirib ki, bu aksiya həm də Azərbaycan QHT-lərinin xalqın, dövlətin maraqlarını qətiyyətlə müdafiə etdiklərini bir daha bütün dünyaya göstərdi: “Ümumiyyətlə, qeyd etməyi borc bilirəm ki, Şuşa-Xankəndi yolunda keçirilən aksiya Azərbaycanda son dövrlər vətəndaş cəmiyyəti və dövlət arasında dialoqun güclənməsinin nəticəsidir. Heç şübhəsiz bu dialoqun güclənməsinin arxasında da QHT-lərin daha uğurlu və səmərəli fəaliyyət göstərməsi üçün dövlət tərəfindən yaradılan münbit şərait, o cümlədən qrant siyasətində şəffaflığın və davamlı fəaliyyətin təmin edilməsi kimi vacib məqamlar dayanır”.
“Yəni bu sadalananlar öz növbəsində Azərbaycanda milli dövlət maraqlarını şəxsi maraqlarından üstün tutan QHT sektorunun formalaşmasına təkan verib. Hər halda, yuxarıda bəhs etdiyimiz aksiyanın flaqmanının məhz QHT-lər olması da fikirlərimizi bir daha təsdiq edir. Yəni görünən odur ki, hər zaman dövlətin və xalqın yanında olan QHT-lər taleyüklü məsələlərdə də flaqman olaraq ön sırada gedirlər”.